Şahbaz Şərifin Bakı səfəri: “Hərbi əməkdaşlıq və ticarət əlaqələri genişlənəcək” – ŞƏRH

Təhlil

25.02.2025 14:48

1039

“Bakı və İslamabad arasında əlaqələr yalnız iki ölkənin çərçivəsində məhdudlaşmır, eyni zamanda, Şərqi Avropa və Qərbi Asiya arasında əməkdaşlığın genişlənməsinə də töhfə verir”. 

Siyasi ekspert Kazım Kazımov Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Bakı səfərini TodayPress-ə şərh edərkən deyib.   

O, Azərbaycan və Pakistan arasındakı münasibətlərin hazırda dostluq və qardaşlıq səviyyəsinə çatdığını vurğulayıb:   

“Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Bakıya son səfəri bunu bir daha nümayiş etdirdi. Bakıda keçirilən Azərbaycan-Pakistan Forumunda Azərbaycan Prezidenti İlham Əliyev və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif çıxış edərək iki ölkə arasındakı əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıblar. Azərbaycan-Pakistan münasibətləri dinamik inkişaf edir. Xüsusilə, tərəflər hərbi əməkdaşlıq və ticarət əlaqələrini genişləndirir. Hər il iki ölkə arasındakı ticarət dövriyyəsi artır. Düzdür, 2023-cü ilin göstəricilərinə əsasən, bu rəqəm 27 milyon ABŞ dolları olub ki, bu da potensiala uyğun deyil. Lakin Azərbaycan və Pakistan bu göstəriciləri artırmaqda maraqlıdır. Bunun sübutu kimi, Pakistan Ticarət Palatasının Bakıda ofisinin açılmasını qeyd etmək olar”.       

Analitik həmçinin Azərbaycan və Pakistanın beynəlxalq məsələlərdə strateji baxımdan bir-birinə yaxın mövqedən çıxış etdiklərini bildirib. O xatırladıb ki, Azərbaycan Kəşmir məsələsində Pakistanı dəstəkləyir, Pakistan isə Qarabağ məsələsində və Cənubi Qafqazda Azərbaycanın rolunu müdafiə edir. Həmçinin, iki ölkə arasında media və mədəniyyət sahəsində əməkdaşlıq da inkişaf edir. 

“Azərbaycan və Pakistan yalnız ikitərəfli əlaqələrlə kifayətlənmir, eyni zamanda, geniş regional əməkdaşlıqda da rol oynayırlar. Hər iki ölkə D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatının üzvüdür. Gələcəkdə bu ölkələrin Şərqdən Qərbə uzanan böyük ticarət yollarında birgə fəaliyyət göstərməsi də mümkündür”. 

Qeyd edək ki, Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif fevralın 23-də Azərbaycana dövlət səfərinə gəlib. Fevralın 24-də Azərbaycan Prezidenti İlham Əliyevin Şahbaz Şərif ilə geniş tərkibdə görüşü olub. 

Qiymət Mahir

tag: Pakistan,Azərbaycan,Tərəfdaşlıq,D-8,Əməkdaşlıq,Kazım Kazımov,Todaypress.az,

photo