Sadələşdirilmiş viza insan alverçilərinə yol açır? – FİKİRLƏR HAÇALANDI
"Viza rejiminin sadələşdirilməsi müxtəlif ölkələr arasında səyahəti asanlaşdırmaqla yanaşı, turizmin inkişafına ciddi töhfə verir. Xüsusilə ortaq siyasi və tarixi keçmişə, mədəni və dini dəyərlərə malik ölkələr arasında belə rejimin tətbiqi xalqlar arasında inteqrasiyanı gücləndirməklə yanaşı, dövlətlərarası əlaqələrin də dərinləşməsinə xidmət edir".
Milli Məclisin deputatı Hikmət Babaoğlu bunu TodayPress-ə danışarkən bildirib.
Onun sözlərinə görə, bu proses bəzən bəzi qüvvələr tərəfindən istismar mövzusuna çevrilir.
"Belə ki, bu yaxınlaşmanı istəməyən müəyyən dairələr sadələşdirilmiş viza rejiminin əleyhinə əsassız iddialar irəli sürür. Məsələn, son dövrlərdə Azərbaycanın Özbəkistan, Tacikistan, Rusiya, Nigeriya, Türkiyə, Gürcüstan, Mərakeş və Çin kimi ölkələrlə vizasız və ya sadələşdirilmiş viza rejimi tətbiq etməsi bəzi ölkələr tərəfindən dostcasına qarşılanmır. Hətta heç bir rəsmi statistika təqdim edilmədən bu rejimin müxtəlif cinayətlərin, xüsusən insan alverinin artmasına səbəb olduğu iddia olunur".
Deputatın fikrincə, belə mövzularda diqqətli və məsuliyyətli yanaşma vacibdir:
"Əgər bir ölkə ilə viza rejimi sadələşdirilibsə, ilk növbədə rəsmi mənbələrdən bu qərarın hər hansı neqativ nəticə doğurub-doğurmadığını öyrənmək lazımdır. Əgər ortada fakt yoxdursa, cinayətlərin artması ilə bağlı irəli sürülən iddialar yalnız qarşılıqlı əlaqələrə zərər vurur. Bu isə milli maraqlara uyğun deyil".
Hikmət Babaoğlu vurğulayıb ki, əsassız iddialar xalqımızın və dövlətimizin də marağında olan beynəlxalq əməkdaşlıq və inteqrasiyanın inkişafına mane ola bilər.
Qeyd edək ki, Milli Məclisin deputatı Naqif Həmzəyev parlamentin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bugünkü iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatının müzakirəsi zamanı deyib ki, Azərbaycana gəlmək üçün viza tələbinin sadələşdirilməsi insan alverçilərindən ötrü fürsətə çevrilib.
O bildirib ki, xüsusilə xarici cinayətkarların qarşısının alınması üçün insan alveri ilə mübarizə sahəsində hazırlanmış yeni fəaliyyət planında bu kimi məsələlər öz əksini tapmalıdır.
Türkan İsgəndərli
tag: Hikmət Babaoğlu,Deputat,Azərbaycan,Viza,Todaypress.az,