Rusiyanın Şərqə açılan qapısı bağlanır? - Baş katibin çağırışına CAVAB

Təhlil

06.09.2024 17:05

“Çin Rusiyaya silah satışını dayandırsa, Rusiyaya böyük ziyan dəyməyəcək”. 

Politoloq Əhəd Məmmədli bunu TodayPress-ə açıqlamasında deyib.

Onun sözlərinə görə, hazırda Rusiya özü də silah istehsalçılarından biri kimi fəallıq göstərir: 

“Rusiya Çindən ikinci dərəcəli ucuz silah ala bilir. Amma onların eynilə İran dronları kimi ciddi təsir gücü yoxdur. “Bayraktar” ilə müqayisədə də çox zəifdirlər. Buna baxmayaraq, Ukrayna texnikasına zərər verə bilir. Rusiyaya da bu lazımdır”. 

Analitikin qənaətincə, Rusiya Ukraynadan fərqli olaraq tərəfdaşlarından asanlıqla silah ala bilir:

“Ukrayna Avropadan, Amerikadan silah alanda həmin ölkələrin parlamentində bu məsələ qaldırılır, müxalifət buna etiraz edir. Bəzən bir silahın alınması üçün aylarla vaxt lazım olur. Amma Rusiyanın tərəf müqabilləri daha rahatdır. Məsələn, Çin, Şimali Koreya kimi ölkələr bir qism şəxs tərəfindən idarə olunduğu üçün onlarla razılaşmaq çox rahatdır”. 

Ekspert Rusiyanın silah idxalına diqqət çəkib: 

“Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsi başlamazdan öncə Rusiyanın illik tank idxalı müharibə başlayandan sonrakı dövrlə müqayisədə 3-4 dəfə az idi. Yəni artıq Ukrayna münaqişəsindən sonra Rusiyanın silah fabrikləri intensiv işləməyə başladı. Özlərinin silah idxalı çoxaldı. Amma Ukraynada elə olmadı. Bu ölkə silah cəhətdən Qərbdən asılıdır. Bu baxımdan düşünmürəm ki, Çin Rusiyaya silah satışını dayandırsa, Rusiyaya ziyan dəyər. Çünki Rusiya artıq özü də aktiv şəkildə silah ixrac edir. Çin kimi tərəf müqabili Rusiyaya təkcə silah baxımdan yox digər istiqamətlərdə də lazımdır. Çin Rusiyanın Şərqə açılan qapılarıdır” .

Qeyd edək ki, NATO-nun baş katibi Yens Stoltenberq Çini Ukraynadakı müharibədə Rusiyaya dəstəyi dayandırmağa çağırıb. Onun sözlərinə görə, Çin Rusiyanın Ukraynaya qarşı müharibəsində həlledici "fasilitator”a çevrilib.   

Günəş Mərd

tag: Ukrayna, Çin, Rusiya ,Silah, NATO, Müharibə ,Qərb, todaypress.az,

photo