Rusiyadan yeni vasitəçilik təşəbbüsü: Türkiyənin CAVABI nə olacaq?
“Rusiya regionda gedən proseslərə qısqanclıqla yanaşır, proseslərin içində olduğunu göstərmək istəyir”.
Politoloq Akif Nağı bunu TodayPress-ə danışarkən deyib.
O, son vaxtlar Ermənistan-Türkiyə və Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı səsləndirilən bəyanatlara diqqət çəkib:
“Münasibətlərin normallaşdırılması təklif olunur. Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen də bildirib ki, münasibətlərin normallaşması, ən azından Orta Dəhlizin işə salınması üçün Azərbaycan-Ermənistan, Türkiyə-Ermənistan arasında yolların açılması təmin olunmalıdır. Azərbaycanın isə kommunikasiya xətlərinin açılması ilə bağlı öz şərtləri var, kiminsə ortaya yeni mövqe qoymasına ehtiyac yoxdur”.
Ekspertin sözlərinə görə, Rusiya regionda gedən proseslərə qısqanclıqla yanaşır və Avropadan gələn vasitəçilik təşəbbüsü Rusiyanı qıcıqlandırır:
“Bu səbəbdən prosesin içində olduqlarını göstərmək istəyir, alternativ və ya paralel şəkildə öz təşəbbüslərini ortaya qoyurlar. Digər tərəfdən, ola bilər ki, Rusiya Türkiyədən kənarda qalmaq istəmir. Çünki Türkiyənin iştirakı ilə Orta Dəhlizin, Zəngəzur dəhlizinin açılması prosesində müəyyən müsbət elementlər var. Rusiya da Türkiyə və Azərbaycanın rəhbərlik etdiyi prosesin içində olmaq, Türkiyə ilə müsasibətlərin yaxşılaşdığını göstərmək istəyir. Çünki münasibətlər hələ də gərgindir. Türkiyə öz obyektiv mövqeyini ortaya qoyub. Rəsmi Moskva isə zaman-zaman Türkiyənin lider mövqeyini zəiflətməyə çalışıb”.
A.Nağı hesab edir ki, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin və ya onun təmsil etdiyi Rusiyanın Türkiyə və Ermənistan arasında vasitəçi olmasına ehtiyac yoxdur:
“Onsuz da xeyli vaxtdır ki, proseslər davam edir və müəyyən səviyyədə də nəticələr əldə olunub. Təyin olunan nümayəndələr görüşlər keçirib və görüşlərin nəticəsi olaraq mart ayının sonu “Marqara” keçid məntəqəsi 10 günlük açılıb. Bu keçid məntəqəsinin Ermənistandan Suriyaya yardım göndərilməsi üçün açıldığı elan edilmişdi, amma bağlandığı barədə məlumat verilmədi. Lakin Türkiyənin mövqeyi aydındır. Şərtini ortaya qoyub ki, Azərbaycanla Ermənistanın münasibətlərinin normallaşmasına dair sənəd imzalanmasa, Ermənistanla hansısa yolun açılmasından söhbət gedə bilməz. Türkiyə-Ermənistan sərhədlərinin açılması, eyni zamanda Zəngəzur dəhlizi ilə bağlı məsələlərə kompleks şəklində yanaşılır. İran ərazisindən keçən Araz dəhlizi ilə bağlı da artıq müzakirələr aparılır”.
Politoloq Rusiyanın münasibətlərdə vasitəçi ola biləcəyini düşünmür. Onun fikrincə, Türkiyə özündən irəli gəlməyən hansısa təşəbbüsə qoşulmur. Bu cür təşəbbüslər razılaşdırılaraq ortaya qoyulur. Türkiyənin isə Rusiyanın təşəbbüsünə ehtiyacı yoxdur.
Qeyd edək ki, aprelin 18-də Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinlə Ermənistanın Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi, parlament sədrinin müavini Ruben Rubinyan arasında telefon danışığı olub.
Rusiya tərəfi Ermənistan-Türkiyə münasibətlərinin yaxşılaşması üçün səyləri davam etməyə hazır olduğunu bəyan edib.
Qiymət Mahir
tag: Akif Nağı,Politoloq,Ukrayna,Rusiya,Todaypress.az,
