Rusiyadan növbəti nankorluq: Qələbə Paradında nə baş verib?

Təhlil

13.05.2025 11:20

140

“Rusiya İkinci Dünya müharibəsindəki qələbəyə görə Azərbaycan xalqına təşəkkür etməli olduğu halda, bizim bu qələbədəki rolumuzu görməzdən gəldi”.

Siyasi ekspert Azər Həsrət bunu TodayPress-ə açıqlamasında deyib.

O bildirib ki, Azərbaycana qərəzli münasibət özünü sadəcə Rusiya prezidenti Vladimir Putinin Ermənistanı 80 yaşı olan Qələbənin əsas qəhrəmanı hesab etməsi, Azərbaycanın adını çəkməməsi ilə göstərməyib. Eyni zamanda Putin öz çıxışında “nasizmin qəhrəmanlaşdırılması” məsələsinə toxunub, bunu tənqid edib. 

“Halbuki onun yanında Ermənistanın Baş naziri Nikol Paşinyan oturmuşdu. Onun rəhbərlik etdiyi ölkədə nasist, faşist Qaregin Njdeyə heykəl qoyulub, qəhrəmanlaşdırılıb. Bu məsələnin də üzərindən keçildi”.

Analitik qeyd edib ki, Azərbaycana qarşı sərgilənən qərəzli mövqe qəbuledilməzdir.

Onun sözlərinə görə, Azərbaycan dövləti Rusiya ilə münasibətlərin bundan sonrakı perspektivini mütləq şəkildə nəzərə almalıdır:

“Rusiya açıq şəkildə bizim İkinci Dünya müharibəsindəki rolumuzu görməzdən gəldi. Halbuki Azərbaycan xalqına ayrıca təşəkkür etməli idi. Bütün dünya bilir ki, İkinci Dünya müharibəsində Sovet İttifaqına aid olan hərbi texnikanın 80%-i Bakı nefti ilə hərəkət edib. Təkcə bu faktın özü bəs edir ki, qələbəni kimin təmin etdiyinə qiymət verək. Digər tərəfdən, müharibənin bizə aid olmamasına baxmayaraq, 700 minə yaxın azərbaycanlı ora getdi. Hitler Almaniyasının Azərbaycanla, türklərlə heç bir problemi yox idi. Azərbaycan o zaman müstəqil olsaydı, Hitlerin bizimlə işi olmayacaqdı. Dünyada faşizmə qarşı mübarizədən söhbət gedirsə, Azərbaycan buna öz töhfəsini verib. Təəssüflər olsun ki, Rusiya bu dəfə də nankorluq etdi, rəhbərinin timsalında Azərbaycanın böyük xidmətini görməzdən gəldi. Bunlara nə qədər yaxşılıq etsək də, nadanlıq edəcəklər”.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Moskvada keçirilən 9 May-Qələbə Paradı zamanı Rusiya, İsrail, Ermənistan və Monqolustanı yubileyin əsas qəhrəmanları adlandırıb, lakin Azərbaycanın adını çəkməyib:

"Yubileyin əsas qəhrəmanları olan Rusiyanın, İsrailin, Ermənistanın və Monqolustanın müharibə veteranlarını salamlamaq bütün dövlət liderləri üçün böyük şərəfdir" deyə o qeyd edib.   

Qiymət Mahir

tag: Azər Həsrət,Politoloq,Rusiya,Parad,Todaypress.az,

photo