Rusiya vədini pozdu: “Pasxa” sonrası gərginlik PİK HƏDDƏ

Təhlil

21.04.2025 16:15

90

“Rusiya prezidenti Vladimir Putinin atəşkəs təklifində səmimi olduğuna təbii ki, heç kim inanmırdı və rəsmi Kremlin uzunmüddətli atəşkəsə razılıq verəcəyini də gözlənilmirdi”.   

Politoloq Rəşad Bayramov bunu TodayPress-ə açıqlamasında deyib.   

Onun sözlərinə görə, bu təklif sadəcə Rusiyanın Ukraynadakı müharibənin dayandırılmasını istəyən tərəf olaraq təqdim edilməsinə və Ukraynanın sülh istəmədiyi fikirlərini formalaşdırmağa hesablanıb: 

“Əgər Putin həqiqətən də atəşkəsdə maraqlı olsaydı, o zaman bu təklifi daha öncədən elan edər, vasitəçilərin köməyi ilə Ukrayna tərəfi ilə razılaşdırar və hər iki ölkə eyni vaxtda atəşkəs elan edərdi. Eyni şəkildə atəşkəsə nəzarəti həyata keçirmək üçün də hansısa monitorinq qrupu yaranardı, amma bu, baş vermədi. Nəticədə tərəflər atəşkəsin pozulmasında bir-birini günahlandırmaqla qarşılıqlı şəkildə hərbi əməliyyatları davam etdirdilər. Ukrayna prezidenti Volodimir Zelenskinin dediyinə görə, “Pasxa” atəşkəsi dövründə Rusiya tərəfindən atəşkəsin pozulmasına dair 2935 fakt qeydə alınıb, 96 hücum əməliyyatı keçirilib, Ukrayna mövqelərinə 1882, o cümlədən 812 ağır silahlardan atəş açılıb. Bundan əlavə, Rusiya 950 dəfə pilotsuz uçuş aparatlarından istifadə edib”.   

Siyasətçi Rusiyanın da öz növbəsində Ukrayna tərəfinin atəşkəsi pozduğuna dair mövqe ortaya qoyduğunu vurğulayıb: 

“Fakt ortadadır. ABŞ prezidenti Donald Trampın atəşkəs təklifinə Ukraynanın müsbət cavab verməsindən artıq xeyli vaxt keçməsinə baxmayaraq, Rusiya tərəfi hələ də susur. Üstəlik Putinin “Pasxa” atəşkəsi təklifindən dərhal sonra Zelenski 30 gün müddətinə tam atəşkəs və ya heç olmasa mülki infrastrukturların hədəfə alınmaması, raket və pilotsuz təyyarələrlə zərbələrin endirilməməsi ilə bağlı təkliflə çıxış edib. Rusiya bu təklifə də hər hansı münasibət bildirməyib”.   

R. Bayramov bütün bunların Rusiyanın hələ də müharibəni dayandırmaq kimi bir niyyəti olmadığının göstəricisi olduğunu düşünür: 

“İndi Rusiya Ukraynanın daha çox ərazilərini nəzarət altına almaqla gələcək danışıqlarda daha güclü görsənmək üçün çalışır. Bu cür fəaliyyət isə təbii ki, real sülhün əldə olunmasına, ən azından münaqişənin dondurulmasına imkan vermir”. 

Qeyd edək ki, 19-21 aprel tarixlərində “Pasxa” münasibətilə Rusiya-Ukrayna arasında atəşkəs elan olunub. Ukrayna tərəfi bildirib ki, aprelin 21-də Rusiya atəşkəsi pozaraq Ukraynanın bir neçə şəhərinə raket və dronlarla hücum edib. Rusiya Federasiyası Müdafiə Nazirliyi isə qarşı tərəfin məlumatını təkzib edib.   

Qiymət Mahir

tag: Rəşad Bayramov,Politoloq,Rusiya,Ukrayna,Todaypress.az,

photo