Rusiya və NATO arasında nüvə müharibəsi: Ehtimal gerçəkliyə çevrilir - Politoloqdan açıqlama

Təhlil

13.09.2024 12:28

“ABŞ və NATO-nun tərkibində olan bəzi Qərb ölkələri dünyanı fəlakətə doğru sürükləməkdə israrlıdır”. 

Politoloq Elçin Xalidbəyli bunu TodayPress-ə açıqlamasında bildirib. 

Onun sözlərinə görə, sözügedən fəlakətin başlanğıcı hazırda müzakirə olunan - Rusiyanın dərinliklərinə zərbələrin endirilməsinə icazə verilməsi məsələsi ilə qoyula bilər: 

“Əgər belə bir icazə verilərsə, yekunda bütün dünya üçün nüvə müharibəsi başlayacaq. Əgər Rusiyanın dərinliklərinə zərbə endirilərsə, xüsusilə də NATO-nun ən müasir hücum silahları ilə Rusiyaya atəş açılarsa, Kreml buna müqavimət göstərə bilməyəcək. Nəticədə əlindəki sonuncu “kozur”unu - nüvə silahını işə salmaq məcburiyyətində qalacaq”. 

Analitik hesab edir ki, Rusiya nüvə zərbəsi endirməyə başlasa, onun ilk hədəfi Şərqi Avropa ölkələri olacaq: 

“Bunun nəticələri olmasa, ardınca ABŞ başda olmaqla NATO ölkələrinə nüvə zərbəsi endirməyə başlayacaq. Təbii ki, eynilə də Rusiyaya qarşı nüvə silahı ilə cavab veriləcək. Bu da nüvə müharibəsinə gətirib çıxaracaq. Onu da nəzərə almaq lazımdır ki, belə bir savaşda Çin və Şimali Koreyanın da Rusiya tərəfindən iştirak edəcəyi qətiyyən şübhə doğurmur. Çünki bu iki dövlət də Rusiyanın məhv edilməsindən sonra əsas hədəf olacaqlarını bilirlər”.

Ekspert əlavə edib ki, hadisələr nüvə müharibəsinə qədər inkişaf etsə, savaşan tərəflərdən heç biri qalib gəlməyəcək. Nüvə silahının qalibi olmur.

Qeyd edək ki, Kremlin rəhbəri Vladimir Putin jurnalist Pavel Zarubinə açıqlamasında, Rusiyaya qarşı uzaqmənzilli Qərb silahlarından istifadəni NATO ölkələrinin Ukraynadakı döyüş əməliyyatlarında birbaşa iştirakı kimi qiymətləndirib. Putinin bu xəbərdarlığı isə Rusiya və NATO arasında nüvə müharibəsi ehtimalını yenidən gündəmə gətirib.

Günəş Mərd

tag: Rusiya, NATO ,Müharibə, Nüvə, Silah ,Putin ,todaypress.az,

photo