Rusiya-Ukrayna müharibəsinə fərqli baxış: “Bu baxış real təcrübəyə söykənir” – ŞƏRH

Təhlil

15.03.2025 16:00

2085

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya-Ukrayna müharibəsinə yanaşması hazırda sözügedən müharibə ətrafında səsləndirilən digər proqnozlardan fərqlənir. Dünyanın digər dövlətlərinin liderləri münaqişənin tez bir zamanda həll edilməli olduğunu bildirsələr də, Prezident bu prosesin qısa müddətdə reallaşa bilməyəcəyini bildirdi”.

Politoloq Əlimusa İbrahimov bunu Prezident İlham Əliyevin “Euronews” telekanalına verdiyi müsahibədə Rusiya-Ukrayna müharibəsindən danışmasından TodayPress-ə söz açarkən bildirib.   

O qeyd edib ki, bu müsahibə həm yerli, həm də beynəlxalq KİV-in diqqət mərkəzindədir. 

“Dövlət başçısı müsahibədə həm ölkədaxili, həm də regional və qlobal proseslərə toxunaraq öz mülahizələrini bölüşdü. Əsas məqamlardan biri Rusiya-Ukrayna müharibəsi ilə bağlı gedən proseslərdir. Məlum olduğu kimi, bu münaqişə həm regional, həm də qlobal səviyyədə bütün dövlətləri maraqlandırır. Ukrayna-Rusiya müharibəsinin taleyi gələcək beynəlxalq nizamın formalaşmasına ciddi təsir göstərəcək. Maraqlıdır ki, “Euronews” kanalının əməkdaşı Prezident İlham Əliyevin təkcə qlobal və regional hadisələrə münasibətini deyil, həm də proqnozlarını öyrənmək istəyirdi. Hazırda dünyada baş verən proseslərin hansı istiqamətdə inkişaf edəcəyi qeyri-müəyyəndir və bu mövzu siyasətçilər arasında geniş müzakirə edilir”.

Ekspert Prezidentin Azərbaycanın təcrübəsindən çıxış edərək Rusiya-Ukrayna müharibəsi ətrafında gedən proseslərə öz qiymətini verdiyini vurğulayıb. Onun sözlərinə görə, bu qiymətləndirmə təkcə beynəlxalq münasibətlər nəzəriyyəsinə əsaslanmır, eyni zamanda Azərbaycanın oxşar situasiyadan əldə etdiyi real təcrübəyə söykənir:

“Məlum olduğu kimi, Azərbaycan torpaqları uzun illər Ermənistanın işğalı altında qalmışdı. Lakin Azərbaycan heç kimə güvənmədən, öz imkanları hesabına ərazi bütövlüyünü bərpa etdi. Prezident İlham Əliyev müsahibəsində Ukraynanın da oxşar yanaşma nümayiş etdirməli olduğunu vurğulayıb. O qeyd edib ki, dövlət öz ərazi bütövlüyünü təmin etmək üçün qlobal və ya regional güclərdən asılı olmamalı, gec də olsa, öz gücü ilə torpaqlarını azad etməlidir. Prezident İlham Əliyev eyni zamanda Ukraynanın ərazi bütövlüyünün təmin olunmasını dəstəklədiyini və beynəlxalq ictimaiyyətin də bu mövqedə dayandığını bildirib”.

Ə. İbrahimov Rusiya-Ukrayna müharibəsində əsas prioritetin ilkin mərhələdə atəşkəsin əldə olunması olduğunu vurğulayıb: 

“Belə olmalıdır ki, qan tökülməsinin qarşısı alınsın. Sülh sazişinin gecikməsi Ukraynanı ruhdan salmamalıdır, çünki əsas məqsəd dayanıqlı atəşkəsin əldə olunmasıdır”. 

Analitik bu yanaşmanın ABŞ-nin mövqeyi ilə də üst-üstə düşdüyünü izah edib. O xatırladıb ki, ABŞ prezidenti Donald Tramp da ilk növbədə atəşkəsin vacibliyini vurğulayıb.

“Həqiqətən də sülh müqaviləsinin imzalanmasına tələsmək  münaqişənin davam etməsinə və Ukraynanın daha da ağır itkilər verməsinə səbəb ola bilər” deyə politoloq fikrini sonlandırıb. 

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də XII Qlobal Bakı Forumu zamanı “Euronews” televiziyasına müsahibəsində Rusiya-Ukrayna müharibəsindən danışarkən diqqətə çatdırıb: 

“Bizim yanaşma ondan ibarətdir ki, biz qlobal nizamı olduqca düzgün qiymətləndirirdik. Milli maraqlarımız məsələsində biz heç kəsə və ya heç bir təsisata arxalanmamışıq. Olsun Rusiya-Ukrayna müharibəsi, yaxud Yaxın Şərqdəki hadisələr və Afrikadakı gərginlik – hər bir ölkə anlamalıdır ki, o öz taleyinin sahibidir. Onlar bunu nə qədər tez başa düşsələr bu, onlar üçün bir o qədər də yaxşı olar. Çünki əgər siz həmişə kiminsə yardımına bel bağlasanız, birincisi, bu sizi zəiflədəcək, ikincisi, bu yardımın daimi olacağına dair heç bir zəmanət yoxdur, üçüncüsü də siz suverenliyinizin bir hissəsini itirmiş olursunuz. Çünki əgər siz həmişə kimdənsə asılısınızsa və həmişə kimdənsə yardım istəyirsinizsə, onda bir gün gələcək həmin şəxs gəlib sizdən hesabat istəyəcək”.

Qiymət Mahir

tag: İlham Əliyev,Azərbaycan,Ukrayna,Rusiya,Əlimusa İbrahimov,Təhlil,todaypress.az,

photo