Rusiya-Ukrayna danışıqları: Hansı ölkələr qarant olacaq? - ŞƏRH
“Rusiya və Ukrayna arasında atəşkəsin uzunmüddətli olması üçün qarant tərəfin olması vacibdir. Amerika burada ortadadır, amma Rusiya tam şəkildə Amerikanın qarantlığını qəbul etmir. Hər halda, iki qarant ölkə olsa, buna ümid etmək olar”.
Politoloq Akif Nağı bunu TodayPress-ə danışarkən deyib.
O bildirib ki, Rusiya ilə Amerika arasındakı münasibətlər mürəkkəbdir:
“Hər iki tərəfin öz maraqları mövcuddur və buna görə də Amerika Rusiya ilə yaxınlaşarkən onun bəzi tələblərini nəzərə alır. Eyni zamanda, Ukraynanı yalnız buraxmaq istəmir. Çünki Ukrayna Qərbə və Amerikaya güvənərək Rusiyaya qarşı mübarizəyə başladığı üçün böyük itkilər verib, iqtisadiyyatı ciddi zərbələr alıb. Buna görə də Ukraynanın maraqları da nəzərə alınır. İlk razılaşma mövcuddur: tərəflər atəşkəs elan etmək barədə razılaşıblar. Müharibə şəraitində atəşkəs adətən qısa müddətli olur. Lakin Azərbaycan və Ermənistan arasındakı müharibədə atəşkəs 26 il davam edib. Bu atəşkəsin də müddəti uzana bilər və ya çox qısa ola bilər”.
Analitik diqqətə çatdırıb ki, hazırda Ukrayna münaqişəsində Rusiya iddialı tərəf kimi çıxış edir, Ukrayna isə mövqeyindən geri çəkilmir:
“Bu şəraitdə hər hansı bir bəhanə yeni hərbi əməliyyatlara səbəb ola bilər. Hazırda Rusiya, Amerika və Ukrayna arasında atəşkəs barədə danışıqlar gedir. Hətta Rusiya və Ukrayna nümayəndələri arasında müəyyən görüşlərin olduğu da bildirilir. Lakin Kursk vilayətində hərbi əməliyyatlar və dron hücumları dayandırılmayıb. Atəşkəs razılaşmasından sonra buna əməl ediləcəkmi? sualı açıq qalır. Lakin yalnız Amerikanın qarantlığı ilə atəşkəsin uzunmüddətli olacağına inanmaq çətindir. Bir neçə dəfə pozulmuş atəşkəs razılaşmalarından sonra, tərəflər bəlkə də anlamağa başlayacaq ki, yeganə yol atəşkəs sənədinin imzalanmasıdır. Ancaq hazırkı vəziyyətdə atəşkəsin davamlı olacağı şübhəlidir”.
A. Nağı əlavə edib ki, Amerika Rusiyanı tam nəzarətdə saxlamaq imkanına malik deyil, həmçinin Ukraynanı da tam nəzarətdə saxlaya bilmir, çünki digər maraqlı ölkələr də bu prosesə müdaxilə edir:
“Məsələn, Çin bu prosesdə maraqlıdır və onun məsələdəki mövqeyi də mühüm rol oynayır. Avropa isə açıq şəkildə Amerikanın vasitəçiliyinə qarşı çıxır və bu da atəşkəsin pozulmasına səbəb ola bilər. Türkiyənin də öz mövqeyini ortaya qoyması və hadisələrə təsir göstərmə imkanı mövcuddur. Yəni, bir neçə mərkəzin bu prosesə təsir etmə imkanının mövcudluğu atəşkəsin uzunmüddətli olacağına inamı zəiflədir. İndiki situasiya belədir və önümüzdəki 10 gün ərzində vəziyyət daha da aydınlaşacaq”.
Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff Rusiya və Ukrayna arasında təklif edilən atəşkəs sazişi çərçivəsində kritik infrastruktur obyektlərinə zərbələrin vurulmasının qadağan olunacağını açıqlayıb. Saziş 30 günlük atəşkəs müddətini əhatə edir və bu dövr ərzində raket və dron hücumları ilə yanaşı, cəbhə xəttində döyüş əməliyyatlarının dayandırılması nəzərdə tutulur.
Ukrayna prezidenti Volodimir Zelenski atəşkəsə əməl olunarsa, uzunmüddətli sülh sənədlərinin hazırlanmasına başlanacağını bildirib. Rusiya prezidenti Vlamidir Putin isə hərbi əməliyyatların dayandırılmasının yalnız böhranın əsas səbəblərinin aradan qaldırılması ilə mümkün olacağını qeyd edib.
Qiymət Mahir
tag: Akif Nağı,Politoloq,Ukrayna,Rusiya,Todaypress.az,
