"Rusiya “sülhpərvər vasitəçi” kimi görünmək istəyir" - POLİTOLOQ RƏYİ
"Rusiya Ukraynaya qarşı işğalçı müharibə fonunda özünü həm də “sülhpərvər vasitəçi” kimi göstərmək istəyir".
TodayPress xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu "Facebook" hesabında yazıb.
O, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun iranlı həmkarı Abbas Əraqçi ilə Moskvada keçirdiyi son görüşə diqqət çəkib:
"Lavrov görüşdə deyib ki, nüvə məsələsinin həllində Kreml Tehranla Vaşinqton arasında vasitəçi olmağa hazırdır. Eyni gündə oxşar açıqlama Lavrovun müavini Mixail Qaluzindən də gəlib. Rusiyalı diplomat Ermənistan Parlamentinin sədr müavini və Türkiyə ilə danışıqlarda ölkəsini təmsil edən Ruben Rubinyanla telefonla danışıb. Qaluzin Rusiyanın Ermənistanın Türkiyə ilə dialoquna dəstək verməyə hazır olduğunu bildirib. Bura Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın tez-tez təkrarladığı “Rusiya Azərbaycanla Ermənistan arasındakı danışıqlarda vasitəçi olmağa hazırdır” sözlərini də əlavə etsək, Kremlin ən azı 3 danışıqlar formatında iştirak etmək istədiyi aydınlaşar".
Analitik diqqətə çatdırıb ki, hələ ki, adları sadalanan heç bir ölkə vasitəçi təklifi ilə Kremlə müraciət etməyib.
"ABŞ və İran diplomatları arasında danışıqlar Omanda həyata keçirilir. Türkiyə və Ermənistan diplomatları arasındakı görüşlər isə Ankara və İrəvanda reallaşır. Ermənistanla Azərbaycan arasında danışıqlara gəldikdə isə xüsusi vasitəçiyə ehtiyac yoxdur, hər iki tərəf birbaşa danışıqlara üstünlük verir, lazım gəldikdə Tbilisidə də görüşmək mümkündür" deyə o qeyd edib.
tag: Rusiya , Ukrayna, İşğalçı, Sülhpərvər, Elxan Şahinoğlu, Abbas Əraqçı,todaypress.az,
