Rusiya panikası: “Minaların istifadəsinə yaşıl işıq yandırıla bilər” – PROQNOZ

Təhlil

19.03.2025 12:22

2752

“Baltikyanı ölkələr Ottava Konvensiyasından çıxarsa, bu, NATO daxilində digər ölkələrin də Konvensiyanı tərk etməsinə səbəb ola bilər. Beləliklə, piyada əleyhinə minaların dövlətlər tərəfindən rəsmi istifadəsinə yaşıl işıq yandırılması bütövlükdə NATO-nun müdafiə doktrinasının dəyişməsinə və ya yenidən formalaşmasına gətirib çıxara bilər”.

Politoloq Tural İsmayılov bunu TodayPress-ə danışarkən deyib.

Ekspert bildirib ki, piyada əleyhinə minalarla bağlı dünyada vahid tələblər mövcud deyil. O, buna ən bariz nümunələrdən biri kimi Ermənistanın Azərbaycana qarşı mina terrorunun hələ də davam etməsini xatırladıb: 

“30 illik işğal dövründə Ermənistan işğal altındakı torpaqlarımızda piyada əleyhinə minaları ikiqat, hətta üçqat yerləşdirməklə məşğul olub. 

“Ottava Konvensiyasını imzalayan ölkələr bu sənədin tələblərinə uyğun olaraq qlobal miqyasda piyada əleyhinə minalara qarşı vahid mövqe nümayiş etdirməli idilər. Lakin təəssüf ki, Ermənistana bu istiqamətdə heç bir ciddi təzyiq göstərilməyib. Açıq şəkildə görürük ki, bu konvensiyanın yaradılmasında iştirak edən Qərb sisteminin içində Ottava Konvensiyasından çıxmaqla bağlı fikirlər səsləndirilir”.

T. İsmayılov Avropa İttifaqı daxilində Baltikyanı ölkələrin Ottava Konvensiyasını tərk etməsinə ciddi müqavimət olacağını düşünmür:

“Ümumilikdə, mina problemi dünyanın ən ciddi problemlərindən biri sayılsa da, faktiki olaraq bu məsələyə qlobal məsuliyyət çərçivəsində yanaşma yüksək səviyyədə deyil.  Müxtəlif konvensiyalar ratifikasiya olunsa, beynəlxalq təşkilatlar çərçivəsində qərarlar qəbul edilsə də, mina terroru hələ də davam edir və piyada əleyhinə minaların qadağan edilməsi ilə bağlı işlək mexanizm formalaşdırılmayıb. Eyni zamanda, əgər Baltikyanı ölkələr belə bir addım atarsa, bu, NATO daxilində digər ölkələrin də Ottava Konvensiyasından çıxmasına səbəb ola bilər. Beləliklə, piyada əleyhinə minaların dövlətlər tərəfindən rəsmi istifadəsinə yaşıl işıq yandırılması bütövlükdə NATO-nun müdafiə doktrinasının dəyişməsinə və ya yenidən formalaşmasına gətirib çıxara bilər. Baltikyanı ölkələr Ottava Konvensiyasını tərk etdikdən sonra NATO daxilində digər ölkələrin də bu yolu davam etdirəcəyini düşünürəm”.

Qeyd edək ki, martın 18-də Polşa, Litva, Latviya və Estoniya piyada əleyhinə minalarla bağlı Ottava Konvensiyasından çıxmaq niyyətində olduqlarını bəyan ediblər. Bu qərar adıçəkilən ölkələrin müdafiə nazirlərinin birgə bəyanatında açıqlanıb və əsas səbəb kimi Rusiya və Belarusdan gələn təhlükələrin artması göstərilib. 

Qiymət Mahir

tag: Tural İsmayılov,Politoloq,Rusiya,NATO,Panika,Təhlil,Todaypress.az,

photo