“Rusiya ilə əlbir olan Trampın məqsədi Qərb müttəfiqlərini alçaltmaq olub” - İrina Tsukermanın ŞƏRHİ

Təhlil

03.03.2025 15:46

1624

"Hazırda ABŞ siyasi arena və ictimaiyyətində kəskin qütbləşmə mövcuddur". 

Amerikalı beynəlxalq hüquq eksperti və siyasi şərhçi İrina Tsukerman fevralın 28-də ABŞ prezidenti Donald Trampla ukraynalı həmkarı Volodimir Zelenski arasında baş tutan görüşü TodayPress-ə şərh edərkən deyib. 

O bildirib ki, həm beynəlxalq, həm də ABŞ daxilində fikirlər ikiyə bölünüb:    

"Bəzi müşahidəçilər iddia edir ki, Trampın sərt yanaşması Amerika maraqlarının ön planda tutulması ilə yanaşı, həm də xarici əlaqələri yenidən qiymətləndirmək və müttəfiqləri daha çox məsuliyyət daşımağa cəlb etmək istəyini əks etdirir. Dəstəkçilər bu strategiyanın münaqişənin daha da böyüməsinin qarşısını almağa yönəldiyinə inanırlar. Tənqidçilər isə iddia edirlər ki, administrasiyanın Zelenskiyə açıq tənqidi ABŞ-nin etibarını zəiflədir və müttəfiqlərlə münasibətləri zədələyir. Onlar bildirirlər ki, belə hərəkətlər düşmənləri daha da cəsarətləndirə və kollektiv mövqeyi zəiflədə bilər".

Analitikin sözlərinə görə, Demokratlar və Respublikaçılar arasında da Trampın mövqeyinə qarşı çıxanların sayı heç də az deyil:    

"Demokratlar administrasiyanın görüşü idarə etmə tərzini kəskin şəkildə tənqid ediblər. Senatın azlıq lideri Çak Şumer prezident Trampı və vitse-prezident Ceyms Devid Vensin Rusiya prezidenti Vladimir Putinin maraqlarına xidmət etdiyini iddia edərək "Tramp və Vens Putinin çirkli işlərini görürlər" deyə bildirib. Digər Demokratlar da bu fikri təkrarlayaraq Ukraynanı aqressiyaya qarşı müdafiə etməyin vacibliyini vurğulayıblar. Həmçinin Respublikaçılar Partiyasının daxilində də reaksiyalar ikiyə bölünüb. Senator Lindsi Qrem prezident Trampın hərəkətlərini alqışlayaraq, görüşü Zelenski üçün "fəlakət" adlandırıb və ABŞ liderinin mövqeyindən qürur duyduğunu bildirib. Ancaq bir neçə Respublikaçı qanunverici şəxs administrasiyanın yanaşmasını tənqid edib. Nümayəndələrdən biri olan Don Bekon hadisəni "təəccüblü" adlandıraraq, əsas müttəfiq ölkələrdən biri olan Ukrayna ilə rəftardan narahat olduğunu dilə gətirib".   

Ekspert diqqətə çatdırıb ki, ABŞ ictimaiyyətinin məsələyə reaksiyası hazırda kəskin qütbləşib. Bütün bunlar göstərir ki, bu hadisə əvvəlcədən qurulub: 

“Tramp və Vens Rusiyaya açıq formada yönəldiklərini müdafiə etmək üçün daxili əsas axtarırdılar. Bunun üçün də onlara qurban lazım idi. Faydalı qazıntılar haqqında saziş də heç vaxt imzalanmayacaqdı. Zelenski yanlış vədlərlə Vaşinqtona dəvət edildi və yalnız Tramp nə desə onu qəbul etməyə məhkum edilmişdi. Halbuki administrasiyanın bunu etməyə heç bir haqqı və əsası yox idi. Aydın məsələdir ki, Zelenski, görüş öncəsi isti münasibət və administrasiyanın müsbət rəftarının aldadıcı olduğunu başa düşməmişdi. Ümumiyyətlə, Ukrayna lideri özünü necə ifadə etməsindən asılı olmayaraq bu tipli "söz hücumlarına" məruz qalacaqdı". 

İrina Tsukerman iddia edir ki, bu "şou" Trampa Rusiya ilə razılaşmaları inkişaf etdirmək üçün lazım olub: 

“Çünki artıq "sülh razılaşmasında" Ukraynanın əməkdaşlıq etmədiyi iddia edilirdi. Həmçinin bir sıra sübutlar da var ki, bu görüşün hansı formatda davam etməsini ruslar təşkil ediblər. Belə ki, görüşdən bir neçə saat öncə rusiyalı qanunverici şəxs  bu "tələ"nin qurulacağını proqnozlaşdırıb. Beləliklə, Rusiya ilə əlbir olan Tramp administrasiyası Qərb müttəfiqlərini alçaltmaq məqsədini güdüb”.

Qeyd edək ki, fevralın 28-də ABŞ prezidenti Donald Tramp, vitse-prezident Ceyms Devid Vens və Ukrayna lideri Volodimir Zelenski Ağ Evdə görüş keçiriblər. Görüş olduqca gərgin keçib. Liderlər jurnalistlərin gözü qarşısında sərt mübahisə ediblər. Nəticədə Zelenski Ağ Evi planlaşdırılandan daha tez tərk edib. 

Töhfə Səməd

tag: ABŞ ,İrina Tsukerman,Donald Tramp,Volodimir Zelenski ,Demokratlar ,Respublikaçılar ,todaypress.az,

photo