Rusiya, Çin, İran tandemi hərəkətə keçdi: “ABŞ güzəştlərin əvəzində Rusiyaya şərt qoyacaq” – ŞƏRH

Təhlil

10.03.2025 14:42

1771

"Rusiya, Çin və İranın hərbi təlimləri mesaj xarakteri daşıyır".

Politoloq Elçin Xalidbəyli bu fikirləri TodayPress-ə danışarkən bildirib.

Onun sözlərinə görə, ABŞ və Rusiya arasındakı yaxınlaşmaya paralel olaraq Rusiyanın da Çin və İranla uzaqlaşma ehtimalı artıb:

“Amerika Birləşmiş Ştatları Ukrayna savaşının dayandırılması prosesində Rusiyadan güzəştlərin əvəzində Çin və İrandan uzaqlaşmağı tələb edir. Belə anlaşılır ki, Rusiya da bu tələblər, şərtlərlə razılaşmaq üzrədir. Ehtimal olunur ki, yaxın gələcəkdə Rusiya Çin və İrandan fərqli düşərgədə yer almağa üstünlük verəcək. Bu baxımdan, hazırda keçirilən hərbi təlimlərin verdiyi mesaj bir qədər keçmişə aiddir və gələcəyi hədəfləmir". 

Politoloq hesab edir ki, bu dövrün ən güclü oyunçularından biri olan Çin, həm iqtisadi, həm hərbi, həm də texnoloji imkanlarına görə ABŞ-nin ən böyük rəqibi kimi önə çıxır: 

“Rusiyanın hansı imkanlara malik olduğu Ukrayna savaşı zamanı bəlli oldu. Rusiya faktiki olaraq Ukrayna qarşısında məhv olmaq təhlükəsi ilə belə üzləşmişdi. İrana gəldikdə isə ABŞ-nin İrana təzyiqləri artmağa başlayıb və bundan sonrakı mərhələdə münasibətlərin gərginləşəcəyi gözlənilir. Faktiki olaraq dünyanı yenidən bölüşdürmə prosesi başlayıb və əsas iştirakçılar arasında müəyyən anlaşmaların olduğu görünür. Belə bir situasiyada Üçüncü Dünya müharibəsinin elan olunmasına ehtiyac qalmır”. 

Analitik sonda əlavə edib ki, nüvə savaşı baş versə, buradan hər hansı bir ölkənin qələbə ilə ayrılma şansı olmayacaq. 

Qeyd edək ki,  İran, Rusiya və Çin hərbi dəniz qüvvələri əməkdaşlığı gücləndirmək məqsədilə İran sahillərində hərbi təlimlərə başlayıblar.

Bu barədə İran mediası məlumat yayıb.

Türkan İsgəndərli

tag: Elçin Xalidbəyli,Politoloq,Rusiya,Çin,Todaypress.az,

photo