Rusiya ATACMS zərbələrinə cavab olaraq nüvə silahından istifadə edəcək ? - AÇIQLANDI
Təhlil
20.11.2024 15:50
“Ukrayna əks hücuma keçib Rusiyanı öz ərazisindən qovmağa çalışarsa, o zaman Rusiya özünü qorumaq üçün Ukrayna ərazisində nüvə silahından istifadə edə bilər”.
Politoloq Əhəd Məmmədli bu barədə TodayPress-ə danışarkən bildirib.
Analitik hesab edir ki, Rusiya Kiyevin uzaq mənzilli ATACMS raketlərinin hücumlarına cavab olaraq ilk növbədə Ukrayna ərazilərini bombalayacaq:
“Hələlik nüvə cavabı gözlənilmir. Çünki Rusiya Ukrayna cəbhəsində üstün vəziyyətdədir. Düşünmürəm ki, Ukrayna ATACMS raketlərindən istifadə ilə cəbhədə vəziyyəti dəyişəcək. Ukrayna indi sadəcə Rusiya ərazisində müharibəni hiss etdirməyə çalışır. Kiyev ordusunun vəziyyəti dəyişəcək gücü yoxdur”.
Onun sözlərinə görə, Ukrayna ordusu vəziyyəti öz xeyrinə dəyişməyənə qədər Rusiya onun ərazisinə atom bombası atmayacaq. İndi ən pis halda Rusiya Ukraynaya cavab olaraq hansısa NATO ölkəsinə raketlərlə zərbə endirə bilər. Bu zərbələr də ən pis halda Baltikyanı ölkələrin ərazilərinə Polşaya, Çexiyaya endirilə bilər.
Qeyd edək ki, noyabrın 19-da Ukrayna ilk dəfə Amerika istehsalı olan ATACMS raketlərindən istifadə edərək Rusiyanın ərazisinə zərbə endirib. Hədəf Bryansk vilayətində yerləşən bir silah anbarı olub.
Xatırladaq ki, bundan öncə ABŞ Prezidenti Cozef Bayden Ukraynaya Rusiyanın dərinliklərinə 300 km mənzilli ATACMS raketləri ilə zərbə endirməyə icazə verib.
Günəş Mərd
tag: ATACMS,Rusiya,Ukrayna,Əhəd Məmmədli,NATO,todaypress.az,
![photo](/uploads/news/673dc24742a6d.jpg)