Rus monopoliyasına SON: “Enerji siyasətində post-Putin dönəmi başlayır” - TƏHLİL
“Artıq enerji siyasətində post-Putin dönəmi başlamalıdır”.
Politoloq Qədir Aslan bunu TodayPress-ə danışarkən deyib.
Onun sözlərinə görə, artıq Pribaltika ölkələri də ticarət məsələsində Rusiyanı istisna edərək Avropanın vahid enerji sisteminə qoşulublar.
“Belə görünür ki, artıq Rusiyada hakim dairə dəyişməlidir. Həm Avropa, həm də Amerika gün keçdikcə bu mövqəyə gəlir. Post-Putin dönəmi başlamalıdır ki, yeni enerji strategiyası yaradılsın. Təbii ki, Rusiyanın ucuz xammalından heç kim imtina etmək istəməz. Amma önəmli olan oradakı Putin hökmranlığının sona çatmasıdır. Bu, məsələnin siyasi tərəfidir”.
Analitik məsələnin iqtisadi tərəfindən də söz açıb. O bildirib ki, Qərbdəki supergüclər hələ 90-cı illərdə Avropa-Qafqaz-Asiya beynəlxalq nəqliyyat dəhlizi (TRASEKA) proqramını, həmçinin Azərbaycanla birlikdə Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilatını (GUAM) yaradarkən beynəlxalq enerji və ticarət layihələrinin maksimum dərəcədə Rusiyadan yan keçməsini hədəfləyirdilər.
“Azərbaycanla imzalanan enerji layihələri də buna sübutdur. Məlum məsələdir ki, artıq Azərbaycanın Avropanın 11 ölkəsi ilə strateji müttəfiqlik çərçivəsində həm ənənəvi, həm də yenilənən enerji ilə bağlı müqavilələri var, interkonnektorlar tikilib. Orta Şərq vasitəsilə İsrail üzərindən Avropaya çıxmaqla üçüncü yeni layihənin də başlanması gözlənilir. 30 il ərzində Rusiya qazından, enerjisindən asılı olan bir sistemi var idi. Artıq bu asılılıqdan yan keçən bir sistemin diversifikasiya edilməsi strategiyası tətbiq ediləcək. Burada kimin, hansı dövlətin torpaqları altında zəngin yataqlar varsa, onlar əsas aktor kimi çıxış edəcəklər. Bununla da Rusiyanın enerji monopoliyasına, təkbaşına ağalığına son qoyula biləcək”.
Q.Aslan sonda bildirib ki, bütün baş verən hadisələr Azərbaycan kimi ölkələrin öz gücünü göstərməsi və qlobal bazarda hakim rolunu oynaması üçün geniş imkanlar yaradacaq.
Töhfə Səməd
tag: Politoloq,Qədir Aslan,Putin,Rusiya,Enerji,Azərbaycan,Monopoliya,Todaypress.az,
