RİSK ARTIR: Livandan sonra növbə Türkiyənindir? - TƏHLİL
Təhlil
02.10.2024 15:55
“Türkiyəni narahat edən bəzi məsələlər var. Prezident Rəcəb Tayyib Ərdoğan artıq bu barədə müəyyən dairələri xəbərdar edib. Rəsmi Ankara bununla həm daxili auditoriyaya, həm də İsrail və İsraili müdafiə edən qlobal güclərə mesaj ötürür”.
Politoloq Natiq Miri bunu, Rəcəb Tayyib Ərdoğanın Türkiyə Böyük Millət Məclisində (TBMM) çıxışı zamanı “Türkiyə də Yaxın Şərqdəki müharibəyə sürüklənə bilər” fikrini TodayPress-ə şərh edərkən bildirib.
Onun sözlərinə görə, indiki vəziyyətdə Türkiyə üçün real təhlükə mövcud deyil. Amma olacağı da istisna edilmir:
“Netanyahu hakimiyyəti “Böyük İsrail” layihəsini həyata keçirmək niyyətindədir. Bu layihə Türkiyə, İran, Suriya və İraq torpaqları da daxil olmaqla, Dəclə və Nil çayı arasındakı əraziləri əhatə edir. Netanyahu hökuməti Livandan sonra Suriyadakı İrana məxsus proksi qüvvələrin İsrailə hücumunu bəhanə gətirərək, Suriya ərazisinə də hücum əməliyyatı həyata keçirməklə, buradan Türkiyənin Cənubuna doğru bir dəhliz açmaq istəyir. Belə bir dəhliz açıldığı təqdirdə əlbəttə Türkiyə üçün real təhlükə yaranacaq”.
Analitik hesab edir ki, Suriyanın şimalında Türkiyənin Cənubu ilə bağlı müəyyən təhlükələr var. Burada 2011-ci ildən sonra böyük bir oyun oynanılır. Bunun nəticəsində Suriyanın Şimalında kürd dövlətinin yaradılması planlaşdırılır:
“Əslində bu böyük İsrail layihəsinin tərkib hissəsidir. Sadəcə hələlik Kürdüstan adına həyata keçirilən bir layihə kimi təqdim olunur. Burada əsasən PKK terrorçularından istifadə olunur. Layihənin iştirakçıları arasında ABŞ-də var. Bu gün PKK-ya təlim verən, onları silahlandıran, maliyyələşdirən və bütün Suriyanın əksər enerji mənbələrini bu PKK-çıların nəzarətinə verən məhz Amerikadır. Bu böyük Orta Şərq layihəsinin tərkib hissəsidir. İsrail bu istiqamətdə fəaliyyətə başladığı halda, əlbəttə, Türkiyə hərəkətə keçmək məcburiyyətində qalacaq”.
Politoloqun qənaətincə, İsrail Livanda rahatlıqla qələbə qazansa, Türkiyə üçün təhlükə daha da artacaq. Amma bu ehtimal o qədər də böyük deyil. Hazırda İsrailin Türkiyəyə birbaşa hansısa hərbi müdaxiləsindən söhbət gedə bilməz.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisində (TBMM) çıxışı zamanı Livandan sonra İsrailin növbəti hədəfi Türkiyə olacağını deyib. Ərdoğan Yaxın Şərqdəki müharibənin daha da genişlənə biləcəyi barədə xəbərdarlıq edib.
Günəş Mərd
tag: İran ,İsrail, Türkiyə ,BMT, Livan ,Suriya, todaypress.az,