“Resurs anlaşması”ndan sonra Ukraynanı nə gözləyir? – ŞƏRH
“ABŞ Ukrayna ilə “resurs anlaşmasını” imzaladıqdan sonra məntiqlə müharibəni sona çatdırmaq və ya uzunmüddətli atəşkəsə nail olmaq üçün səylərini artırmalıdır”.
TodayPress xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi analitik Elxan Şahinoğlu bildirib.
Onun qənaətincə, ABŞ-nin Ukrayna ərazisində resursların istimarına başlaması üçün sülh olmalıdır.
“Ancaq saziş imzalandıqdan sonra Vaşinqtondan fərqli açıqlamalar gəlib. ABŞ Dövlət Departamentinin mətbuat katibi Temmi Bryus jurnalistlər üçün keçirdiyi brifinqdə deyib ki, Birləşmiş Ştatlar bundan sonra Rusiya ilə Ukrayna arasında vasitəçi rolunu yerinə yetirməyəcək. “Biz vasitəçi olmayacağıq. Görüşləri idarə etmək üçün dünyanın o biri başına ildırım sürəti ilə uçmaq niyyətində deyilik” deyən Bryus əlavə edib ki, bu mərhələdə danışıqlar prosesi birbaşa tərəflər - Rusiya və Ukrayna arasında aparılmalıdır. Danışıqlar Moskva ilə Kiyev arasında aparılsaydı, ABŞ-yə nə ehtiyac var idi?”.
Analitik diqqətə çatdırıb ki, ABŞ dövlət katibi Marko Rubiodan da eyni tipli açıqlama gecikməyib. O "Fox News" telekanalına müsahibəsində bildirib ki, Ukrayna Rusiya silahlı qüvvələrini 2014-cü il sərhədlərinə geri çəkilməyə məcbur edə bilməyəcək.
“Deməli, müharibə davam edəcək və bununla Vaşinqtonla Kiyev arasında imzalanan “resurs anlaşmasının” taleyi sual altında qalacaq” deyə o fikrini sonlandırıb.
Qeyd edək ki, mayın 1-də ABŞ və Ukrayna birgə investisiya fondunun yaradılmasını nəzərdə tutan faydalı qazıntılara dair sazişi imzalayıblar. Saziş ABŞ-yə alüminium, qrafit, neft və təbii qaz da daxil olmaqla Ukraynanın təbii ehtiyatlarının inkişafı ilə bağlı yeni investisiya layihələrinə imtiyazlı giriş imkanı verəcək.
Həmçinin, sənədə əsasən, Ukrayna yeni icarə haqqı və yeni sahələrdə faydalı qazıntıların çıxarılması üçün yeni lisenziyalardan əldə olunan bütün gəlirin 50 %-ni bu fonda verəcək. ABŞ və Ukrayna fondun idarə olunmasında bərabər səsə sahib olacaqlar.
Töhfə Səməd
tag: Elxan Şahinoğlu,Politoloq,ABŞ,Ukrayna,Rusiya,Todaypress.az,
