“Rəsmi Bakı yeni müharibəyə maraqlı deyil” – Politoloq RƏYİ

Təhlil

13.03.2025 19:03

1976

“Ermənistanın məqsədi Azərbaycanı təhrik edərək öz meydanına gətirməkdir”.

Politoloq Turan Rzayev bunu son günlər Ermənistanın Azərbaycanla yeni müharibəyə hazırlaşması haqda iddiaları TodayPress-ə şərh edərkən deyib. 

"Sual yaranır ki, doğrudan da növbəti müharibəyə hazırlıq gedir? Bu suala cavab tapmaq üçün İrəvanın atdığı addımlara və bir sıra hadisələrə baxmaq lazımdır. Məsələn, ötən həftə elan olundu ki, aprelin 1-dən iyunun 13-dək Ermənistanda növbəti ehtiyat təlimi keçiriləcək. Bu, 10 həftə davam edəcək. Həmçinin Avropa İttifaqı (Aİ) missiyası sərhəd boyu, xüsusən də toqquşmaların mümkün olduğu ərazilərdə kəşfiyyat işlərini intensivləşdirib. Bütün bu faktlarla yanaşı, Ermənistan son iki ildə hərbi alışlarını kəskin formada artıraraq, Fransa və Hindistan silahlarına milyardlarla dollar pul xərcləyib. Aİ isə Avropa Sülh Fondu vasitəsilə birbaşa və ya dolayı yolla militarizasiyaya gedən maliyyə töhfələri verməklə prosesdə rol oynayır.Bu üç detal Ermənistanın yeni müharibəyə hazırlaşdığını təsdiqləyir. Lakin açıq qalan suallar göz önündədir".

Analitik diqqətə çatdırıb ki, Ermənistanın aldığı silahlardan aktiv istifadə edəcək qədər canlı qüvvəsi yoxdur. Hazırda hərbi kadr çatışmazlığı var. Bu baxımdan deyə bilərik ki, Ermənistanın yeni hücum üçün niyyəti mövcud reallıqları dəyişməkdir. Daha dəqiq desək, İrəvan Bakını dəhliz tələbindən geri çəkib, daha məqbul şərtlərdə sülh sazişini imzalamaq istəyir. Deməli, Ermənistanın məqsədi Azərbaycanı təhrik edərək öz meydanına gətirməkdir.

Turan Rzayev bildirib ki, Azərbaycan Ermənistanın nə etmək istədiyinin fərqindədir. Ümumiyyətlə, Bakı yeni müharibədə maraqlı deyil. Buna görə də son ana qədər təmkinli, səbirli davranması gözləniləndir. İrəvanın təxribatlarına lokal cavab verilməsi də mümkündür. Lakin Ermənistan gərginliyi genişləndirərsə, Bakı özünümüdafiə prinsipi və 10 noyabr bəyanatının icrası əsasında dəhlizin açılmasını, sülhü təmin edə bilər.

Töhfə Səməd

tag: Ermənistan,Azərbaycan,Aİ,İrəvan,Bakı,Turan Rzayev,

photo