Rəsmi Bakı Paşinyana siyasi fürsət verəcək? - SÜLHƏ ALTERNATİV MÜHARİBƏ

Təhlil

22.07.2024 17:08

“Sülhün alternativi müharibədir. O ölkə sülhdən imtina edər ki, onun bundan başqa seçimi olsun. Ermənistanın belə bir alternativi varmı? Müharibə aparcaq və qalib gələcək ordusu və yetərli silahı varmı? Yoxdur. Demək ki, Ermənistanın sülhdən imtinası, müzakirə mövzusu belə ola bilməz”. 

Politoloq Natiq Miri bu fikirləri TodayPress-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, sülh sadəcə zaman məsələsidir:

“Nikol Paşinyan hökumət başçısı kimi sülh prosesini daha təhlükəsiz aparmaq istəyir. Çünki anlayır ki, “Vətən uğrunda Tavuş” hərəkatının lideri Baqrat Qalstanyanı ortaya atanlar, bu məsələ ilə bağlı tamamilə kənara çəkilməyiblər. Sentyabrda İrəvanda böyük mitinq keçiriləcək. Bunun üçün ciddi hazırlıqlar görülür. Buna görə də Nikol Paşinyan indiki vəziyyətdə Azərbaycanın şərtlərini qəbul edib, sülh müqaviləsi imzalamaq imkanından məhrumdur. Çünki Azərbaycanın şərtlərindən birinincisi konstitusiyada ərazi iddialarının aradan qaldırılmasıdır ki, bu da yaxın perspektivdə mümkün görünmür. Ən azından 2027-ci ildə belə bir referendumun keçirilməsi  planlaşdırılır”. 

Politoloq qeyd edib ki, Baqratın başlatdığı etiraz dalğası eyni zamanda sərhədlərin müəyyənləşməsi ilə bağlı olub və hazırda bu məsələyə də yaxınlaşmaq mümkün deyil. Doğrudur, 12 kilometrlik sərhəd həm delimitasiya, həm də demarkasiya olundu. Ancaq Ermənistan digər bütün sərhəd boyunca, Alma-Ata Bəyannaməsinə uyğun olaraq SSRİ dönəmində müəyyən olunmuş inzibati sərhədlər çərçivəsində sərhədlərin müəyyən olunmasını istəyir. Lakin Azərbaycan bununla razı deyil: 

“Sərhədlərin müəyyənləşməsi ilə bağlı ortaq komissiyanın əsasnaməsi iyulun birində təsdiqlənməli idi. Amma bu baş vermədi. Buna görə də düşünürəm ki, yekun sülhün imzalanması hələ zaman alacaq”. 

Ekspertin qənaətincə, hazırda Paşinyan hakimiyyəti zaman uzatmaq, zamana oynamaq siyasəti yürüdür. Azərbaycanın bu fürsəti Paşinyan hökumətinə verəcəyi isə sual altındadır: 

“Ən böyük məsələ budur. Bu təkcə bizi deyil, Nikol Paşinyan hökumətini də düşündürməlidir. Əgər sülh sənədi qısa müddətdə ortada olmasa və Ermənistan sülh sənədini imzalamağa isti yanaşmasa, onda Azərbaycan masasının üzərinə təkcə siyasi deyil, həm də hərbi alternativi gətirəcək. Düşünürəm ki, bu doğru qərar olar. Bundan sonra hərbi və siyasi məsələlər paralel yürüdülməlidir”. 

Politoloq Paşinyanın Britaniyada Prezident İlham Əliyevlə görüşdən imtina etməsinə də münasibət bildirdi. Onun sözlərinə görə, Nikol Paşinyanın nümayişkaranə şəkildə Böyük Britaniyanın təşəbbüsü ilə baş tutacaq görüşdən imtina etməsi əlbəttə ki, yeni rəhbərliyin xoşuna gəlməyəcək. Bu da ilk növbədə münasibətlərdə özünü göstərəcək”.  

Günəş Mərd

tag: Bakı, Paşinyan, Azərbaycan, Natiq Miri, Baqrat, todaypress.az,

photo