Regionda sülh: “Vəziyyət Ermənistanın sülh ritorikasında səmimiyyətindən asılıdır” – POLİTOLOQ RƏYİ
“Azərbaycan və Ermənistan tərəflərinin sülh sazişinin mətnini razılaşdırması tarixi andır”.
Politoloq Elşad Mirbəşiroğlu bunu TodayPress-ə danışarkən bildirib.
Onun sözlərinə görə, bundan sonrakı vəziyyət əsasən Ermənistanın atacağı addımlardan, nümayiş etdirəcəyi mövqedən asılı olacaq:
“Çünki sülh sazişinin mətninin razılaşdırılması, hələ sənədin imzalanması demək deyil. Azərbaycanın haqlı tələbləri var. Ermənistan konstitusiyasında dəyişiklik etməlidir. Bununla bağlı Ermənistanın mövqeyi çox da konstruktiv görünmür. Belə ki, Ermənistanın 23 avqust 1990-cı il Müstəqillik Bəyannaməsində Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları yer alıb və həmin bəyannamə də Ermənistanın yeni konstitusiyasının preambula hissəsində əks olunub. Konstitusiya ölkənin ən ali qanunudur və digər qanunlar üzərində prioritet təşkil edir. Ona görə də indiki şəraitdə Azərbaycan haqlı olaraq sülh müqaviləsinin imzalanması üçün Ermənistandan konstitusiyanın dəyişdirilməsini tələb edir. Bu dəyişiklik isə zaman tələb edir. İlk növbədə Ermənistan bu məsələni həll etməlidir”.
Analitik diqqətə çatdırıb ki, digər məsələ isə ATƏT-in Minsk qrupunun buraxılmasıdır. Çünki bu da sülh sənədinə təsir edən əsas amillərdəndir. Minsk qrupunun mövcudluğu, münaqişənin davam etməsi anlamına gəlir.
Görünür Ermənistan da bunda maraqlıdır ki, münaqişənin mövcudluğu təsəvvürü qalmağa davam etsin.
“Bütün bu addımlara baxmayaraq, rəsmi Bakının iradəsi növbəti dəfə keçərli oldu. Azərbaycan regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması üçün öz mövqeyini nümayiş etdirdi. Bundan sonrakı vəziyyət isə Ermənistanın sülh ritorikasında nə dərəcədə səmimi olmasından asılı olacaq. Ermənistan ən azından Azərbaycana qarşı olan ərazi iddialarından rəsmi olaraq imtina etməlidir ki, bunun da yolu konstitusiyanın dəyişdirilməsindən keçir”.
Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, Azərbaycan və Ermənistan sülh sazişi mətnini tam razılaşdırıb. Ermənistan Azərbaycanın son iki mübahisəli maddə ilə bağlı təkliflərini qəbul edib.
İndi növbəti addım Ermənistanın konstitusiyasına dəyişiklik etməsidir. Azərbaycan rəsmiləri İrəvandan konstitusiya dəyişiklikləri ilə bağlı konkret addımlar gözlədiklərini bildiriblər.
Bu proses regionda uzunmüddətli sülhün təmin edilməsi istiqamətində mühüm mərhələ hesab olunur.
Töhfə Səməd
tag: Elşad Mirbəşiroğlu,Analitik,Azərbaycan,Ermənistan,Sülh,Todaypress.az,
