“Regional təhlükəsizlik təmin edilsin” - Gürcü ekspert “3+3” formatında danışdı
Təhlil
17.10.2024 17:24
“Gürcüstan “3+3” formatında iştirak etməyəcək. Çünki bu format Gürcüstanın milli maraqlarını müdafiə və qane etmir. Buna səbəb isə orada Rusiya Federasiyasının faktiki olaraq dominant mövqeyə malik olmasıdır”.
Bunu TodayPress-ə verdiyi açıqlamasında, gürcü hərbi-siyasi ekspert Vaxtanq Maisaya deyib.
Onun sözlərinə görə, Gürcüstan 20% ərazisini işğal edən ölkə ilə bir masa arxasında əyləşə bilməz:
“Bu kontekstdə bizim tamamilə dəqiq yanaşmamız var - Gürcüstan sərtləşəcək və milli maraqlarına görə bu formatda iştirak etməyəcək. Bu, bizim məsələyə oriyentasiyamız, yanaşmamızdır. Yəni biz tələb edirik ki, regional təhlükəsizlik təmin edilsin”.
Ekspert bildirib ki, bütün bunlara baxmayaraq, “3+3” formatı Gürcüstanın diqqət mərkəzindədir. Lakin mütləq ki, bu formatda bərabərlik olmalıdır. Hər hansısa bir ölkə dominantlıq etməməlidir.
Rəsmi Tbilisinin bu formatda iştirak etməməsinin digər səbəbi isə ölkədə oktyabrın 26-da keçiriləcək parlament seçkiləridir.
Xatırladaq ki, Türkiyənin XİN rəhbəri Hakan Fidan “3+3” formatında üçüncü görüşün oktyabrın 18-də İstanbulda keçiriləcəyini açıqlayıb. Onun sözlərinə görə, Türkiyə, Azərbaycan, Ermənistan, Rusiya və İranın xarici işlər nazirləri iclasda iştirak edəcək. Gürcüstanın Xarici İşlər Nazirliyi məlumat yayıb ki, ölkə “3+3” regional platforması çərçivəsində İstanbulda keçiriləcək növbəti görüşdə iştirak etməyəcək.
Onu da qeyd edək ki, platforma çərçivəsində ilk görüş 2021-ci ilin dekabrında Moskvada baş tutub. İkinci görüş isə 2023-cü ilin oktyabrında XİN rəhbərləri səviyyəsində İranın paytaxtı Tehranda reallaşıb. Gürcüstan hər iki görüşdən imtina edib.
Töhfə Səməd
tag: Türkiyə, XİN, Gürcüstan,Vaxtanq Maisaya,todaypress.az,