Ramiz Yunus: “Stiv Uitkoffun Bakıya qəfil səfəri Ermənistana mesajdır”
“ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi, ən yaxın çevrəsinə daxil olan Stiv Uitkoffun Bakıya qəfil səfəri Ermənistana verilən bir siqnaldır”.
TodayPress xəbər verir ki, politoloq Ramiz Yunus bunu öz “Facebook” hesabında yazıb.
O bildirib ki, Bakıda keçirilən XII Qlobal Bakı Forumunda Azərbaycan Prezidenti İlham Əliyevin həm Ermənistana, həm də Amerikanın keçmiş prezidenti Cozef Bayden və ABŞ dövlət katibi Antoni Blinkenin timsalında əvvəlki proerməni administrasiyaya qarşı sərt çıxışı isə Uitkoffun səfəri ərəfəsində dünyadakı bütün ermənimərkəzli himayədarlara ünvanlanmış mesajdır:
“Azərbaycanın regionda oynadığı mühüm geosiyasi rolu, rəsmi Bakının Türkiyə və İsraillə strateji münasibətlərini nəzərə alsaq, gündəlikdə Azərbaycanın “İbrahim sazişi”nə qoşulması məsələsi dayanır. Bu, Trampın Yaxın Şərq siyasətində əsas prioritetlərindən biridir”.
Ekspert Uitkoffun Bakıya səfəri ərəfəsində Azərbaycan və Ermənistan arasında sülh sazişinin bütün maddələrinin yekun razılaşdırılması barədə rəsmi açıqlamanın verilməsini diqqətçəkən məqam adlandırıb.
Onun sözlərinə görə, böyük siyasətdə, xüsusilə də hazırkı qlobal və regional qeyri-sabitlik şəraitində təsadüflər olmur.
“Düşünürəm ki, özünü tarixin sülhməramlı lideri kimi görmək və Nobel Sülh Mükafatını qazanmaq istəyən ABŞ prezidenti Donald Trampın arzusu getdikcə daha real görünür. Alman filosofu Fridrix Nitsşenin dediyi kimi: “Qaliblər təsadüfə inanmır” deyə R. Yunus fikrini sonlandırıb.
Qiymət Mahir
tag: ABŞ,Tramp,Ramiz Yunus,Politoloq,Todaypress.az,