Ramiz Yunus: “Kreml günahkarları cəzalandırmasa, rəsmi Bakı təzyiqləri artıracaq”
"Qazaxıstan rəsmilərinin "Azərbaycan Hava Yolları"nın (AZAL) qəzaya uğramış təyyarəsi ilə bağlı dərc etdiyi ilkin hesabatdan sonra hökumətə yaxın olan Rusiya KİV-lərinin, sanki bir əmr üzrə, dərhal rəsmi Bakı əleyhinə böyük bir yalan və açıq-aşkar dezinformasiya kampaniyasına başladığını gördük".
TodayPress xəbər verir ki, politoloq Ramiz Yunus bu barədə öz “Facebook” hesabında yazıb. Analitik hesab edir ki, bu kimi addımlar Kremlin hələ də məsuliyyətdən yayınmağa çalışdığını və zaman qazandığını göstərir.
"Onlar informasiya müstəvisində "soyuq müharibə"ni davam etdirirlər. Moskvanın bu cür davranışları, Azərbaycan ilə Rusiya arasındakı münasibətləri daha da çətinləşdirəcək. Hazırda iki dövlət arasında bir çox mühüm istiqamətlərdə münasibətlər "pauza" vəziyyətindədir. Kreml rəsmi üzr istəməkdən, öz günahını etiraf etməkdən, bütün günahkarları cəzalandırmaqdan və təzminat ödəməkdən nə qədər çox çəkinərsə, rəsmi Bakı təzyiqləri bir o qədər çox gücləndirəcək. Rusiyanın Ukraynaya qarşı başlatdığı genişmiqyaslı aqressiyası fonunda, Kremlin Cənubi Qafqazda lider olan Azərbaycanla qarşıdurmaya getməsi, Moskvanın siyasətdə yaxını görə bilməməsindən xəbər verir".
R.Yunus vurğulayıb ki, Azərbaycan hökuməti və xalqı möhkəm tarixi yaddaşa malikdir. Heç vaxt Moskvanın Azərbaycan əleyhinə apardığı imperialist siyasətlərini unutmayacaq. Kremlin Rusiya İmperiyası və Sovet İttifaqı dövründə, eləcə də 1990-cı ilin Qanlı Yanvarında, 1992-ci ilin Xocalı soyqırımında və Ermənistana Birinci Qarabağ müharibəsindəki dəstəyi yaddan çıxmayacaq:
"Artıq başa düşmək lazımdır ki, 44 günlük İkinci Qarabağ müharibəsindəki qələbədən sonra Azərbaycan Cənubi Qafqazda status-kvonu tamamilə dəyişib. Qardaş Türkiyə ilə güclü hərbi-siyasi müttəfiqliyə malikdir, həmçinin Pakistan və İsrail kimi strateji tərəfdaşları var. Buna görə də Rusiyanın 1991-ci ildən 2020-ci ilə qədər etdiyi kimi, Azərbaycana təzyiq göstərməsi, artıq mənasızdır. Kremlin siyasi elitası bunu nə qədər tez başa düşərsə, bir o qədər yaxşı olar".
Politoloq son olaraq böyük Çin filosofu və mütəfəkkiri Konfutsidən sitat gətirib:
"Bir səhvi edən və o səhvi düzəltməyən insan yenidən səhv edir deməkdir".
Töhfə Səməd
tag: Ramiz Yunus,Politoloq,Kreml,Rəsmi Bakı,AZAL,Təyyarə qəzası,Todaypress.az,