Ramiz Yunus: “Ermənistan rəsmiləri Xocalı soyqırımına görə məsuliyyəti qəbul etməlidirlər”
“1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Qarabağ bölgəsində yerləşən Xocalı şəhərində baş vermiş dəhşətli Xocalı soyqırımının 33-cü ildönümüdür. Azərbaycanlılar, bu alçaq cinayəti törədənlərin ədalətlə cəzalandırılmasını uzun illər gözləyib. Çox şükür ki, 44 günlük Vətən müharibəsində qazandığımız qələbədən sonra ədalət bərpa olunmağa başlayıb”.
TodayPress xəbər verir ki, politoloq Ramiz Yunus bu barədə öz “Facebook” hesabında yazıb.
“Hazırda Bakıda Qarabağdakı separatçı rejimin bəzi rəhbərlərinin məhkəməsi keçirilir. Bu, bizim Azərbaycan Nürnberq tribunalımızdır. Təəssüf ki, hələlik əsas ideoloqlar və birbaşa məsuliyyət daşıyan şəxslər, Ermənistanın keçmiş üç prezidenti – Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sarkisyan məhkəmə qarşısına çıxarılmayıblar. Onlar təkcə Xocalı soyqırımının deyil, Azərbaycan xalqına qarşı törədilmiş bir çox digər qanlı cinayətlərin də əsas təşkilatçılarıdırlar”.
Analitik xatırladıb ki, Xocalıda etnik təmizləmə cinayəti təkcə erməni silahlı birləşmələri tərəfindən deyil, həm də Rusiya ordusunun 366-cı motoatıcı alayının zabit və əsgərləri tərəfindən həyata keçirilib:
“Hadisələrə düzgün qiymət vermək lazımdır. Ermənistan rəsmiləri Xocalı soyqırımına görə məsuliyyətini qəbul edib, bu qanlı cinayətlərə görə tövbə etməyənə qədər Azərbaycan və Ermənistan arasında həqiqi barışığın olacağını gözləmək mümkün deyil. Çünki bu cür dəhşətli faciələri unutmaq olmaz. Məşhur Roma filosofu Mark Tulli Siseronun dediyi kimi: "Ölülərin həyatı yaşayanların yaddaşına əmanətdir".
Nicat Osman
tag: Azərbaycan,Qarabağ,Xocalı,Vətən,todaypress.az,