Ramiz Yunus: "Ermənistan öz cəmiyyətini növbəti utopiyaya inandırmağa çalışır"
Təhlil
02.02.2025 12:00
"Ermənistanın Baş naziri Nikol Paşinyanın, ölkənin rəsmi şəxslərinin, eləcə də ekspert cəmiyyətinin nümayəndələrinin çıxışlarını nə qədər çox təhlil edirəmsə, bir o qədər də Azərbaycan tərəfinin sülh müqaviləsi məsələsində sərt yanaşmasının düzgünlüyünə əmin oluram. Ermənistan hakimiyyəti və onun cəmiyyəti hələ də illüziya aləmində yaşayır".
TodayPress xəbər verir ki, politoloq Ramiz Yunus bu barədə öz “Facebook” hesabında yazıb.
Onun sözlərinə görə, Ermənistan müstəqillik qazandığı dövrdən 27 sentyabr 2020-ci ilədək öz suverenliyini Rusiyaya təhvil vermişdisə, İkinci Qarabağ müharibəsindən sonra istiqamətini Fransa tərəfə dəyişib.
"Rəsmi İrəvan kənar qüvvələrin vassalına çevrilmək əvəzinə öz suverenliyini və regional subyektliyini gücləndirməli olduğu halda, bu gün Rusiya və Qərb arasındakı ziddiyyətlərdən istifadə etməyə cəhd göstərir. Cənubi Qafqaz ətrafında, həm Şimalda, həm də Cənubda baş verən geosiyasi prosesləri və dünyadakı hərbi-siyasi gərginliyi nəzərə alsaq, Ermənistanı yaxın gələcəkdə nələrin gözlədiyini anlamaq üçün coğrafi xəritəyə baxmaq kifayətdir. Ermənistanın əsas qonşuları olan Azərbaycan və Türkiyə ilə sülh müqaviləsi olmadan, rəsmi İrəvanın öz cəmiyyətini “Avropaya çıxış” nağılları ilə aldatması növbəti utopiyadır. Vaxtilə “Miatsum” ideyası Ermənistan hakimiyyəti və onun cəmiyyətinə dərs olmalı idi, lakin indiki addımlar onu göstərir ki, bu, heç də belə olmayıb".
Analitikin fikrincə, cəmiyyəti yeni illüziyalarla məqsədyönlü şəkildə aldatmaq, Azərbaycan və Türkiyə ilə sülh prosesini süni şəkildə uzatmaq Ermənistan üçün İkinci Qarabağ müharibəsindən daha böyük itkilərə gətirib çıxara bilər.
"Necə ki, Otto fon Bismark deyirdi: “Axmaqlıq Tanrının vergisidir, amma ondan sui-istifadə etmək də lazım deyil” deyə o bildirib.
Töhfə Səməd
tag: Ermənistan,Nikol Paşinyan,Rusiya,Fransa ,Sülh,todaypress.az,