Ramiz Yunus: “Bu, Ukraynanın qəhrəman xalqının düşdüyü acı reallıqdır”
“ABŞ və Avropa İttifaqının Ukraynaya münasibətdə apardığı siyasət 2014-cü ildə Krımın anneksiyasından və Donbasdakı qırğınlardan başlayaraq bütün qarşıdurma illəri ərzində qeyri-əxlaqi, riyakar və vicdansız idi. Rusiya 24 fevral 2022-ci ildə Ukraynaya qarşı genişmiqyaslı təcavüzə başlayandan sonra isə bu siyasət artıq təkcə Qərbin özünün illərdir təbliğ etdiyi "demokratiya dəyərlərinə" deyil, həm də keçmiş Sovet respublikalarında bu dəyərlərə inanmış milyonlarla insana qarşı açıq-aşkar cinayətə çevrildi”.
TodayPress xəbər verir ki, politoloq Ramiz Yunus bu barədə öz “Facebook” hesabında yazıb.
O vurğulayıb ki, təkcə ukraynalılar deyil, keçmiş Sovet məkanındakı bir çox insan da nəhayət kollektiv Qərbin öz dəyərlərini qorumaq adı altında apardığı siyasətin ikili, hətta bəzən üçlü standartlara söykəndiyini tam anlayıblar:
Axı Qərb "demokratiyaları" guya avtokratik rejimlərə qarşı mübarizə apardıqlarını iddia etsələr də, əslində həmin "avtokratiyalarla", o cümlədən Rusiya ilə gizli şəkildə ticarət edib, ondan qazanc əldə edirlər. Öncə 1994-cü ildə “Budapeşt memorandumu”ndan sonra Klinton Ukraynanı açıq şəkildə Rusiya Federasiyasının ilk prezidenti Boris Yeltsinə "satdı". Ardınca 2014-cü ildən sonra ABŞ-nin 44-cü prezidenti Barak Obama öz ikiüzlü "yenidən yükləmə" siyasəti ilə Ukraynanı Rusiya prezidenti Vladimir Putinə təslim etdi. Daha sonra isə ABŞ-də uzun illər davam edən daxili siyasi çəkişmələr nəticəsində Donald Tramp və Cozef Bayden hakimiyyət uğrunda mübarizəyə başladı və bu mübarizədə Rusiya-Ukrayna müharibəsi onların siyasi oyunlarının bir hissəsinə çevrildi. "Burisma" şirkəti (Burisma Holdings) ətrafındakı qalmaqal və Trampa qarşı impiçment cəhdi bunun açıq sübutudur”.
Analitik bəyan edib ki, əvvəlcə Bayden riyakarcasına Ukrayna məsələsini siyasi alət kimi istifadə edib və Ukraynaya lazımi silahları verməyərək "Ukraynanın məğlub olmasına imkan verməmək, amma Rusiyanın qalib gəlməsinə də yol açmamaq" strategiyasını yürüdüb:
“İndi isə Tramp açıq şəkildə deyir: “Birincisi, ABŞ-nin sizin üçün etdiklərinə görə minnətdar olun. İkincisi, müdafiə olunmaq istəyirsinizsə, bunun haqqını ödəməlisiniz. Beynəlxalq hüquq, suverenlik, ərazi bütövlüyü, demokratiya dəyərləri və insan haqları məni maraqlandırmır. Bu, Ukraynanın və onun qəhrəman xalqının bu gün düşdüyü acı reallıqdır. Siyasi intriqalar ustası və hiyləgərliyi ilə məşhur olan Şarl Moris de Taleyran-Periqorun dediyi kimi: "Xəyanət sadəcə zaman məsələsidir. Vaxtında xəyanət etmək – qabaqcadan görmək deməkdir".
Günəş Mərd
tag: Ramiz Yunus,Politoloq,Rusiya,Ukrayna,Xəyanət,Qərb,Müharibə,İşğal,Todaypress.az,