Ramiz Yunus: “Bahalı kostyum geyinmiş həmin şəxslərin Amerikanı biabır etməsi çox utancvericidir”
“Bahalı kostyumunun olması kişinin cəsarətinin və ya digər dəyərli keyfiyyətlərinin göstəricisi deyil. Xüsusilə də qarşınızda oturan şəxs barbar hücuma məruz qalmış bir ölkəni təmsil edirsə, onun xalqı qan içində boğularaq, işğalçının başladığı ədalətsiz müharibədə mübarizə aparırsa və məhz buna görə də, həmin insan bu qanlı müharibənin səngərindən, sizin öz dəvətinizlə, yardım istəmək üçün sizə qonaq gəlibsə. Siz isə ona qonaqpərvərlik göstərmək, zəifi müdafiə etmək əvəzinə, xüsusilə də Ukraynanın bu faciəsində Ağ Evdəki sələflərinizin böyük günahı olduğu halda, bütün dünyanın gözü önündə ona sanki leş yeyən quzğunlar kimi hücum edirsiniz. Bununla siz təkcə özünüzü deyil, təmsil etdiyiniz ABŞ-ni, o cümlədən sizə heç vaxt səs verməmiş insanları da rüsvay edirsiniz”.
TodayPress xəbər verir ki, politoloq Ramiz Yunus bu barədə öz “Facebook” hesabında yazıb.
Analitik diqqətə çatdırıb ki, ABŞ prezidenti hazırda yalnız öz partiyasını, istər Respublikaçılar, istərsə də Demokratları təmsil etmir. O, seçildikdən sonra bütün ölkəni təmsil edir:
“Buna görə də, bir ABŞ vətəndaşı kimi mənim üçün bahalı kostyum geyinmiş həmin şəxslərin canlı yayımda, bütün dünyanın qarşısında Amerikanı biabır etməsi çox utancverici idi.
Amerikalı yazıçı Cek Londonun sözləri ilə desək: “Kişi üçün ən vacib şey şərəf qaydalarıdır və əgər sizin şərəfiniz yoxdursa, deməli, heç nəyiniz yoxdur”.
Nicat Osman
tag: Ramiz Yunus,Politoloq,ABŞ,Facebook,Todaypress.az,