Ramiz Yunus: “ABŞ daxilində Trampın islahatlarına qarşı müqavimət güclü olacaq”
Təhlil
28.01.2025 14:44
“ABŞ prezidenti Donald Trampın Ağ Evə gəlişi ilə ölkə özünü SSRİ-nin keçmiş Prezidenti Mixail Qorbaçovun dövründəki yenidənqurma prosesinə bənzər köklü dəyişikliklərin astanasında tapdı. Fərq ondadır ki, ABŞ SSRİ, Tramp isə Qorbaçov deyil. Buna görə də ümid edirəm ki, ABŞ-nin yenidənqurması həm amerikalılar, həm də nəfəsini tutaraq ABŞ-dəki bu inqilabı izləyən bütün dünya üçün daha uğurlu olacaq”.
TodayPress xəbər verir ki, politoloq Ramiz Yunus bu barədə öz “Facebook” hesabında yazıb.
Analitik hesab edir ki, ABŞ daxilində Trampın islahatlarına qarşı müqavimət güclü olacaq, lakin onun qarşıdakı 2 il ərzində Konqres və ABŞ Ali Məhkəməsi şəklində siyasi dəstəyi var:
“Əgər Tramp ölkə daxilində uğur qazana bilsə, yeni administrasiya Ağ Evdə xarici siyasət çağırışları və risklərini, o cümlədən süni intellektin nəzarətini daha inamla həll edə biləcək. Bu, 80 il əvvəl nüvə silahının yaradılmasından sonra olduğu kimi mühüm əhəmiyyət daşıyacaq”.
R.Yunusun qənaətincə, qarşıdakı bir neçə il ərzində dünyada texnoloji inqilab baş verəcək və bu, yeni dünya nizamının əsasını təşkil edəcək:
“Bu nizam planetin taleyini köklü şəkildə dəyişdirəcək və ABŞ-nin lider rolu olmadan insanlığın xaosa sürüklənməsinin qarşısını almaq mümkün olmayacaq. Tanınmış Braziliya yazıçısı və şairi Paulo Koelyonun dediyi kimi: "Dəyişikliklər yalnız biz vərdiş etdiyimizə qarşı getdiyimiz zaman baş verir".
Günəş Mərd
tag: Ramiz Yunus,ABŞ,Tramp,Lider,Ali Məhkəmə,Todaypress.az,