Qurban Yetirmişli Türkiyədəki zəlzələdən danışdı: “Buna səbəb…”

Təhlil

23.04.2025 16:26

17

“Türkiyədə Hatay və Kahramanmaraş kimi bölgələrdə baş vermiş güclü zəlzələ yenidən təkrarlana bilər”. 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bunu TodayPress-ə müsahibəsində deyib.   

Onun sözlərinə görə, zəlzələlərin təkrarlanma dövrü olur. Bu isə əsasən 50, 100 və ya daha uzun müddət çəkə bilər.

Türkiyənin çox hissəsi isə Anadolu tektonik ərazisində yerləşir. Bu ərazi Avrasiya, Afrika və Ərəb tektonik lövhələrinin arasında yer tutur. Bölgənin ən böyük - Avrasiya və Afrika lövhələri yer dəyişdirdikcə, Türkiyənin ərazisi də sıxılır və güclü zəlzələ baş verir. 

“Bilirik ki, Şərqi Anadoluda, Kahramanmaraşda baş verən zəlzələlərdə 50 mindən çox insan ölüb. Bizim komandamız həmin əraziyə gedib tədqiqat apardı. Bu işlərlə məşğul olan türkiyəli dostlarımıza hansı binaların tikintisində səhvlər etdiklərini göstərdik. Biz həmin binaların videolarını da çəkib götürmüşük. Orada keyfiyyətsiz tikilmiş bina çox idi, lakin mən bu məsələyə qarışmaq istəmirəm. Çəkdiyimiz görüntüləri özlərinə də göstərmişik ki, niyə yan-yana, eyni layihəli, normal qaydada tikilmiş binalarda bu cür qəzalı vəziyyət yaranıb, lakin 6 metr aralıda yerləşən binaya heç nə olmayıb”.       

Mütəxəssis diqqətə çatdırıb ki, buna səbəb binaların düzgün formada tikilməməsi olub. Belə ki, yerin altında gedən prossesdə binanın biri düz yox, tektonik pozuntu üzərində tikilib.

Buna görə də həmin bina çöküb, kalonlar dağılıb, digərinə isə heç nə olmayıb. Baş direktor vurğulayıb ki, hazırda bütün dünya hər bir bina üçün individual yanaşmanın vacibliyindən danışır.   

Qeyd edək ki, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) yaydığı məlumata əsasən, aprelin 23-də Marmara dənizinin Silivri sahillərində 3,9 və 6,2 bal gücündə ardıcıl iki zəlzələ baş verib. Yeraltı təkan bir çox ərazilərdə aydın formada hiss olunub. Rəsmi qurumlar vətəndaşlara sakitliklərini qorumağı və rəsmi mənbələrdən gələn məlumatlara diqqət yetirməyi tövsiyə ediblər.

Xatırladaq ki, 2023-cü il fevralın 6-da episentri Kahramanmaraşın Pazarcık rayonunda yerləşən 7.7 ballıq zəlzələ Türkiyənin 11 vilayətini silkələyib. Bundan cəmi 9 saat sonra Elbistan bölgəsində 7.6 bal gücündə növbəti yeraltı təkan qeydə alınıb.

Nəticədə 50 mindən çox insan həyatını itirib, 107 mindən çox şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Zəlzələlər bölgədə yaşayan 14 milyon insanın həyatına təsir edib.   

Töhfə Səməd

tag: Qurban Yetirmişli,Baş Direktor,Təbii Fəlakət,İstanbul,Todaypress.az,