Qlobal taxıl böhranı: Dünyada çörək bahalaşır – Bəs Azərbaycanda?
Təhlil
21.06.2024 15:30
“Qarşıdakı aylarda Azərbaycanda çörəyin qiyməti ucuzlaşa bilər”.
Bu barədə Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli TodayPress-ə açıqlamasında bildirib.
Onun sözlərinə görə, yaxın zamanda ölkəmizdə çörəyin qiymətinin bahalaşması ilə bağlı bir təhlükə yoxdur.
“Azərbaycanda artıq taxıl biçini başlayıb. Məlum olduğu kimi ölkəmiz ərzaq buğdasına olan ehtiyacı təxminən 60-70 faizini öz daxili istehsalı ilə təmin edir. Artıq mövsümün buğdası bazardadır. Üstəlik, bizim ən çox buğda idxal etdiyimiz ölkə Rusiya ixracatı genişləndirmək fikrindədir. Bu həm də qiymətlərin ucuzlaşmasına vəsilə olacaq. Hesab edirəm ki, qarşıdakı aylarda Azərbaycanda çörəyin qiymətinin ucuzlaşması tendensiyası gözlənilə bilər”.
İqtisadçının fikrincə, hazırda ölkəmizdə çörək maya dəyərindən kifayət qədər baha qiymətə satılır:
“Zavod çörəyinin maya dəyəri təxminən 20-25 qəpik təşkil edir, amma 45 qəpiyə satılır. Bu təxminən hər çörəkdən 40 faiz mənfəət götürmək deməkdir. Bu cür mənfəətə sahib bir şirkət, özü də inhisarçı şirkət qiymətlərin bahalaşması barədə düşünə bilməz. Bu hökumətlə onların arasında hər hansı fikir ayrılığı yarada bilər. Bu da yaxşı nəticələrə gətirib çıxarmaz. Təsadüfü deyil ki, unun bahalaşmasına görə un istehsalçıları ilə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti arasında görüş keçirildi. Bunun ardınca unun qiyməti ucuzlaşmağa başladı. Yəni hazırda Azərbaycanda çörəyin qiymətinin bahalaşmasından söhbət belə gedə bilməz. Əksinə ucuzlaşmalıdır”.
Yerigəlmişkən, Türkiyədə çörəyin qiyməti bahalaşıb. Ölkədə çox ciddi infelyasiya gedir. Bahalaşmaya səbəb həm də Ukrayna buğdasının və ununun maya dəyərinin bir qədər artmasıdır.
Günəş Mərd
tag: Qlobal, Dünya, Çörək, Akif Nəsirli,