Qızıl “het-trik”li Hidayət Heydərov - Fransa təxribatına İDEAL CAVAB

Təhlil

30.07.2024 14:09

Millimiz dördilliyin ən mötəbər multiidman tədbirində ilk medalını rəsmiləşdirdi. 

TodayPress xəbər verir ki, Azərbaycan komandasının medal həsrətinə cüdoçu Hidayət Heydərov son qoydu. “16 illik gözlənilən Olimpiya qızılını Azərbaycana gətirmək istəyirəm” deyən Hidayət gözləntiləri və ümidləri doğrultdu.

Yığmamızın lideri Hidayət Heydərov 73 kq çəkidə mübarizə aparırdı. Bu il dünya və Avropa çempionu olan idmançımız Fransa paytaxtında da bütün rəqiblərini ard-arda tatmiyə “çırparaq” qələbə qazandı. Kolleksiyasına daha bir medal əlavə etdi. Bununla da qızıl “het-trik”ə imza atan cüdoçumuz bu çəkinin əsl ağası olduğunu bir daha sübut etdi. Onun bu uğuru ilə, həm də cüdo üzrə Azərbaycan millisi 16 ildən sonra Olimpiadada qızıl medala sahib oldu. 

Hidayət, finalda fransalı Joan-Benjamin Qabaya qalib gələrək Olimpiya çempionu oldu. Parisdə fransızların gözü qarşısında, həm də fransıza qalib gəlmək, fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq Azərbaycan Himnini səsləndirmək möhtəşəm hissdir və iki qat qələbədir!  Bu həm də Fransa təxribatlarına qarşı ən ideal cavab idi. 

Düzdür idman yarışları hər zaman siyasət meydanına çevrilməyib. Amma Fransanın son 4 ildə Azərbaycana qarşı hücumları, qarayaxma kampaniyaları Olimpiya Oyunlarında da özünü biruzə verdi. Fransa Olimpiya Oyunlarının tarixi və təməl prinsiplərini pozaraq, ondan Azərbaycana qarşı qərəzini ifadə etmək üçün vasitə olaraq istifadə etdi. 

Oyunların açılış mərasimində fransız şərhçilərin açıqlamaları, Fransanın ölkəmizə qarşı təxribatının bariz nümunəsi idi. Amma Hidayət bu zəfəri ilə suyu bulandıranların, qarayaxma kampaniyası aparanların necə deyərlər ağızlarının payını verdi.

Qeyd edək ki, Hidayət Heydərov 1997-ci ildə Qazaxıstanın Karaqanda şəhərində dünyaya gəlib. Onun ailəsi əslən Göyçaydandır. Hidayətin üç yaşı olarkən ailəsi Bakıya köçüb. Balaca vaxtlarından aktivliyi ilə seçilən, idmana marağı olan Hidayət altı yaşında olarkən cüdoya başlayıb.

Namiq HUN

tag: Azərbaycan, Hidayət Heydərov, Avropa, Çempion, Fransa, todaypress.az,