Qırmızı dənizdə AĞ BAYRAQ: ABŞ və husilər arasındakı sülh müqaviləsi nəyə hesablanıb?
“ABŞ və husilər arasındakı barışıq gələcəkdə Vaşinqton–Tehran danışıqlarının təməli ola bilər”.
Politoloq Zeynal Əmrəliyev bunu TodayPress-ə danışarkən deyib.
O diqqətə çatdırıb ki, ABŞ prezidenti Donald Tramp Yəməndəki husilərlə silahlı qarşıdurmaya son qoyulduğunu açıqlayıb. ABŞ lideri bu barədə Kanadanın Baş naziri Mark Karni ilə görüşü zamanı danışıb. Trampın sözlərinə görə, husilər döyüşmək istəmədiklərini bildiriblər və ABŞ də buna qarşılıq olaraq hərbi əməliyyatları dayandıracaq. Barışığın əldə olunmasında vasitəçi ölkə isə Oman olub.
"ABŞ ilə husilər arasında əldə olunan barışıq bir sıra geosiyasi və iqtisadi faktorların nəticəsidir. Vaşinqton üçün bu barışığın üç əsas səbəbi var. Birinci səbəb regional vəziyyətlə bağlıdır. Hazırda həm ABŞ, həm də İsrail HƏMAS və "Hizbullah"la mübarizə aparır. Vaşinqton və Təl-Əviv üçün bu mərhələdə husilərlə yeni cəbhə açmaq əlavə risk və resurs itkisi deməkdir. Husilər İsrailə qarşı hücumların bu razılaşmadan kənarda olduğunu bildirsələr də, tərəflər arasında gizli anlaşmanın olması ehtimalı istisna deyil”.
Analitik ikinci səbəb kimi ABŞ ticarət gəmilərinə qarşı husilərin həyata keçirdiyi davamlı hücumları nümunə göstərib. Onun sözlrinə görə, Vaşinqtonun qarşısında iki seçim var idi: ya Yəmənə quru müdaxilə, ya da husilərlə barışıq. Tramp yeni müharibə istəmir. Onun seçki kampaniyasının əsas tezislərindən biri mövcud münaqişələri bitirmək idi. Hazırkı mərhələdə yeni müharibə Trampın nüfuzuna ciddi zərbə vura, həm də Çinlə iqtisadi rəqabətdə olan ABŞ üçün əlavə maliyyə yükünə çevrilə bilər.
“Sonuncu səbəb kimi deyə bilərik ki, husilər İranın proksi qüvvələrindən biridir. Tehran ABŞ ilə münasibətləri normallaşdırmaq istiqamətində husilərə hücumların dayandırılması barədə göstəriş vermiş ola bilər. ABŞ–husilər qarşıdurması Vaşinqton–Tehran danışıqlarına birbaşa təsir göstərir. Bu baxımdan barışıq gələcəkdə ABŞ–İran münasibətlərinin inkişafına zəmin yarada bilər”.
Bütün bunlara baxmayaraq, politoloqun fikrincə, əldə olunan razılaşma İsrailin maraqlarına uyğun deyil:
“Baş nazir Benyamin Netanyahunun hökuməti ABŞ ilə İran arasında anlaşmanın baş tutmasını istəmir. Bunun qarşısını almaq üçün Tehranla bağlı proksi gücləri, o cümlədən husiləri bir vasitə kimi görür. Bu barışıq həmin planlara ciddi zərbə vurur”.
Zeynal Əmrəliyevin fikrincə, ABŞ–husilər razılaşması yalnız lokal münaqişənin dayandırılması deyil, həm də bölgədəki strateji münasibətlər sisteminin dəyişə biləcəyinə işarədir. Bu isə yaxın gələcəkdə daha geniş diplomatik proseslərin başlanmasına səbəb ola bilər.
Qeyd edək ki, Omanın xarici işlər naziri Bədr bin Həməd bin Həmud Əl-Busaidi ABŞ və husilər arasındakı razılaşmanın detallarını açıqlayıb. Onun sözlərinə görə, əldə edilmiş razılaşmaya əsasən, husilər Babül-Məndəb boğazı üzərindən keçən ABŞ ticarət gəmilərinə qarşı hücumları dayandıracaqlar. Həmçinin tərəflər bir-birinə hücum etməyəcəklərini və Qırmızı dənizdə gəmiçiliyin təhlükəsizliyini təmin edəcəklərini öhdəliklərinə götürüblər.
Töhfə Səməd
tag: ABŞ ,Husi,Razılaşma,İsrail,Netenyahu,todaypress.az,
