Qəzzada münaqişə yenidən alovlanır: ABŞ-nin maraqları ön planda – POLİTOLOQ RƏYİ

Təhlil

20.03.2025 17:43

894

“ABŞ Qəzza zolağında maraqlıdır, buna görə də münaqişə bundan sonra daha çox gərginləşəcək”. 

Politoloq Yusif Bağırzadə bunu İsrail və Fələstinin HƏMAS hərəkatı arasındakı qarşıdurmanın yenidən alovlanması haqqında TodayPress-ə danışarkən deyib. 

Onun sözlərinə görə, İsrail və HƏMAS arasındakı anlaşma hazırda birtərəfli formada pozulmuş kimi görünsə də, burada hər iki tərəf maraqlıdır. 

“Hələ razılaşma əldə olunmazdan əvvəl İsrail HƏMAS-a aid hərbi obyektlərə ciddi zərbələr vurub, siyasi liderlərini məhv etmişdi. İndi HƏMAS öz gücünü itirib. Onlara vaxt lazımdır ki, yenidən qüvvələrini toplaya bilsinlər. Digər tərəfdən atəşkəs rejiminin pozulması İsrailə də maraqlıdır. Çünki hazırda ABŞ-nin yeni administrasiyası bölgədə öz təsir gücünü artırmağa başlayıb. Birləşmiş Ştatların strateji müttəfiqi olan Səudiyyə Ərəbistanı da HƏMAS-a qarşı bəyanatlar səsləndirir. Bundan başqa, Ağ Evin bir neçə gün öncə Yəmənə hücum etməsi birbaşa husilərin İsrail dövlətini təhdid etməsi ilə əlaqədardır”. 

Analitikin fikrincə, bütün düyün halına gəlmiş məsələlərin həll olunması bir gündə baş verməyəcək. Bu, Tramp administrasiyasının məsələni hansı formada və necə həll etmək istəyindən asılıdır. Çünki ABŞ-nin regiona təsiri çox güclüdür. 

“Trampın "Qəzza zolağı ABŞ qüvvələrinə təhvil verilməli və Ağ Ev orada öz idarəetmə funksiyasını yerinə yetirməldir" bəyanatından sonra HƏMAS qəzəblənib, daha radikal addımlar atmağa başlayıb. İsrailin Qəzza xəttinə yeni hərbi hücumları və ABŞ-nin regiondakı maraqları nəticəsində daha çox yaraqlı qüvvə HƏMAS ətrafında birləşəcək. Bu isə münaqişənin gərginləşməsinə gətirib çıxaracaq”.

Qeyd edək ki, İsrail və HƏMAS hərəkatı Misir, Qətər və ABŞ-nin vasitəçiliyi ilə yanvarın 19-da atəşkəs ilə bağlı razılığa gəliblər. Müqavilənin icrasının birinci mərhələsi martın 1-də başa çatıb. Martın 18-də isə İsrail Qəzzada döyüşləri bərpa etdiyini açıqlayıb. 

Töhfə Səməd

tag: ABŞ ,Qəzza,Yusif Bağırzadə,İsrail ,Fələstin,HƏMAS,todaypress.az,