Qərbin yararsız texnikası Kiyevi məyus etdi - Hərbi ekspertdən ŞOK AÇIQLAMA
Təhlil
29.07.2024 11:26
“Qərb qüvvələri Ukraynaya yardım adı ilə əllərində olan yararlılıq müddəti bitmiş hərbi texniki avadanlığı tədarük edərək, depolarını təmizləməyə çalışırlar”.
Bu sözləri TodayPress-ə danışan hərbi ekspert Elxan Şıxalıyev deyib.
Onun sözlərinə görə, hərbi texnika elə bir məsələdir ki, bir müddətdən sonra faktiki-texniki xüsusiyyətlərinə görə yararsız hala düşür. Belə olduqda yenilənmə prosesi getməlidir. Bu zaman hərbi texnikalar utilizasiya olunur. Lakin həmin proses olduqca bahalıdır. Buna görə də bəzən bir sıra supergüclər süni formada başqa ölkələr arasında münaqişə yaradıb, öz texnikalarını sataraq əldən çıxarmaq üçün özlərinə şərait yaradırlar. Ukrayna münaqişəsində də vəziyyət belədir.
“Avropa İttifaqına (Aİ) daxil olan ölkələrin çoxu Rusiya-Ukrayna müharibəsi üzərindən öz hərbi arsenalını tam yeniləyiblər. Sonuncu mərhələ isə F16-ların Ukraynaya verilməsidir. Nəticədə həmin boşalan sıraları yeni F35-lərlə dolduracaqlar. Buna görə də son günlər Ukraynaya verilən texnikaların yararsız çıxması heç də təəccüblü deyil. Rəsmi Kiyev təəssüf ki, indi nə versələr, ona da razı olacaq vəziyyətdədir”.
E.Şıxalıyevin qənaətincə, Ukraynaya yardımın ikinci istiqaməti isə tərəfləri iqtisadi cəhətdən zəiflətmək və özlərindən aslı salmaqdır. O, bildirib ki, müharibələrdə qazananlar müdafiə sənayesi şirkətləri olur:
“Ukraynaya ABŞ tərəfindən ayrılan milyonlara yardımın heç biri pul formasında Kiyevə çatmır, əksinə iri müdafiə sənayesi şirkətlərinə yatırılır. Onlar da yarımçıq silah-sursat istehsal edib, baha qiymətinə Ukraynaya satırlar. Adı da olur yardım. Statistikaya baxsaq görərik ki, müharibə nəticəsində Amerikanın müdafiə sənayesi şirkətləri istehsal həcmini 3 dəfədən 6 dəfəyə qədər qaldırıblar. Çox böyük maliyyə vəsaitləri müharibə üzərindən dövr etdirilir. Bizə sadəcə sahədəki nəticə göstərilir. Lakin supergüclər buna silah-sursatın satış bazarı kimi baxırlar. Müharibədə kimin məğlub və ya qalib olmasına baxmayaraq, tək qazanan tərəf həmin şirkətlər və bu işdə maraqlı olan dövlətlərdir”.
Xatırladaq ki, son məlumatlara əsasən, Qərb Ukrayna Silahlı Qüvvələrinin Xarkov yaxınlığında yerləşən bölmələrinə döyüşə tam hazır olmayan yarımçıq 10 zirehli texnika təhvil verib.
Töhfə Səməd
tag: Elxan Şıxəliyev, Ukrayna, Qərb, Yardım, Texnika, Avropa İttifaqı, todaypress.az,