Qərbin “Toydan sonra nağara” planı: “O sanksiyalar niyə 3 il ərzində tətbiq olunmayıb?” – ŞƏRH
Fransa Prezidenti Emmanuel Makron bəyan edib ki, Qərb ölkələri kollektiv qərar qəbul etməli və Rusiya atəşkəsi pozarsa, ona qarşı əlavə, daha sərt iqtisadi sanksiyalar tətbiq olunmalıdır.
Onun sözlərinə görə, bu məhdudiyyətlər Rusiya iqtisadiyyatına ciddi təsir göstərə və çəkindirici ola bilər.
İqtisadçı Natiq Cəfərli bu barədə TodayPress-ə danışarkən bildirib ki, Makronun bu açıqlaması Rusiyanın Ukraynaya hərbi təcavüzünün və Kreml tərəfindən Ukrayna şəhərlərinin viran qoyulmasının 4-cü ilində səsləndirilib.
O, bu bəyanatın ardınca bir sıra mühüm və cavabsız sualların ortaya çıxdığını qeyd edib:
“Əgər Qərbin Rusiya iqtisadiyyatını çökdürəcək sanksiyaları varsa, niyə bu 3 il ərzində onlardan istifadə olunmadı? Rusiyanı çəkindirə biləcək addımlar varsa, niyə bu günə qədər atılmadı? Bu, Ukraynanı dolayısı ilə tək buraxmaq deyil?”.
İqtisadçı əlavə edib ki, 2022-ci ildən bəri bir çox media nümayəndəsi və analitiklər Qərbin sanksiyalarının yetərsizliyini vurğulayıb.
Əgər 2022–2023-cü illərdə Qərb Ukraynaya vaxtında və yetərincə silah-sursat yardımı göstərsəydi, eləcə də işlək iqtisadi sanksiyalar tətbiq olunsaydı, bu gün fərqli mənzərə müşahidə edilə bilərdi.
Qərb Rusiyanın strateji məğlubiyyətini prioritet olaraq görmədi. Ukraynanı "Şərq Divarı" kimi istifadə edərək, əslində iki xalqı üz-üzə qoymaqla məşğul oldular. Bu gün atılan addımlar isə, artıq gecikmiş reaksiyalardır.
Türkan İsgəndərli
tag: Natiq Cəfərli,İqtisadçı,Ukrayna,Rusiya,Sanksiya,Todaypress.az,
