Qərbin Gürcüstan planı baş tutmadı – Tbilisi Kremlin təsirinə keçir?
Təhlil
03.06.2024 15:32
“Gürcüstanda
əvvəl ictimai institutlara, QHT-lərə, siyasi partiyalara Qərbdən çox güclü
maliyyə dəstəyi gəlir. Bu qanunun qəbulundan sonra həmin maliyyə axınının
qarşısı kəsiləcək”.
Bu
barədə siyasi şərhçi Zeynal Əmrəliyev TodayPress-ə Gürcüstanda “Xarici təsirin
şəffaflığı haqqında” qanunun qəbulunu şərh edərkən deyib. Onun sözlərinə görə,
qanunun qəbulu ilə Qərbdən maliyyələşən ictimai təşkilatlara, siyasi
partiyalara hökümət nəzarəti daha da güclənəcək:
"Ona
görə də onlar bu qanuna ciddi şəkildə etiraz edirlər. Bilirik ki, Qərbdə belə
bir xüsusi təşkilatlanmış təşkilatlar fəaliyyət göstərir. Xüsusi olaraq bu
missiyanı yerinə yetirən bu təşkilatlar Gürcüstanın ali təhsil müəssisələrinə
ayaq açmışdılar. Yəni tələbələrlə xüsusi siyasi simulyasiyalar, konfranslar təşkil
olunurdu. Burada da tələbələrə əsasən siyasi hakimiyyətlərin dəyişdirilməsi
kimi təlimlər keçirilirdi. Bu, "Gürcü arzusu" hökümətini sonda bəzi
addımlar atmağa vadar etdi”.
Qanunun
əsas məqsədi Gürcüstanın siyasi, iqtisadi və sosial sistemlərinin xarici
müdaxilələrə qarşı dayanıqlılığını gücləndirməkdir. Siyasi şərhçi Zeynal Əmrəliyevin
fikrincə, bundan sonra ölkədə etiraz aksiyaların miqyası artacaq, kütləvi
toqquşmalar qaçılmaz olacaq. O, qeyd edib ki, hadisələrin sonrakı inkişafında
Gürcüstan üçün müsbət nələrsə gözlənilmir:
"Gürcüstanı
kütləvi etiraz aksiyaları cənginə alacaq. Nümayişlər ən azı payıza qədər davam edəcək.
Gürcüstanda parlament seçkiləri gözlənilir və həmin seçkilərdə böyük ehtimalla
iqtidarda olan "gürcü arzusu" partiyası nəzərəcarpacaq səs itkisi ilə
üzləşəcək. Fikrimcə, bundan sonrakı proseslər Gürcüstanda iqtidar dəyişikliyinə
belə gətirib çıxara bilər".
Gürcüstanın
Baş naziri İrakli Kobaxidzenin sözlərinə görə, "xarici təsirin şəffaflığı haqqında" qanunun qəbul edilməsi nə hakimiyyətin qələbəsi, nə də opponentlərin və
beynəlxalq tərəfdaşların məğlubiyyəti hesab edilməlidir, qanunun qəbulu ilə
yalnız Gürcüstan qalib gəldi.
Günəş
Mərd
tag: Dünya, Gürcüstan, Qanun, Aksiya, todaypress.az,