Qərbi Azərbaycana qayıdış: "Kompensasiya ödənilməlidir!" – DEPUTAT

Təhlil

05.02.2025 12:57

"Ermənistan tərəfindən həqiqətin etiraf edilməsini gözləmək sadəlövhlükdür".

Milli Məclisin deputatı Naqif Həmzəyev bunu Qərbi azərbaycanlıların təzminat məsələsi ilə bağlı TodayPress-ə danışarkən deyib. 

O bildirib ki, Ermənistanın siyasi rəhbərliyi Qərbi azərbaycanlıların deportasiyası ilə əlaqədar həqiqəti əks etdirməyən informasiyalar yayımlayır, açıqlamalar verir. Bu, utancvericidir: 

"Düzdür, Ermənistan tərəfindən cəsarətli addım atılaraq həqiqətin etiraf edilməsini gözləmək özü də sadəlövhlükdür. Ancaq istənilən halda bizim əlimizdə kifayət qədər tutarlı faktlar var. Dünya ictimaiyyəti çox yaxşı bilir ki, soydaşlarımız tarixi Azərbaycan torpaqlarından sonuncu dəfə məhz 1987-1991-ci illər ərzində deportasiya ediliblər. 300 mindən çox Qərbi azərbaycanlı öz dədə-baba torpaqlarını tərk edib. Onların evləri və bütün həyatları orada qalıb, milyardlarla dollar ziyan dəyib. Qərbi Azərbaycan İcması həm deportasiyaya məruz qalmış vətəndaşların dəqiq statistikasını aparıb, həm də dəymiş ziyanı pozitiv və aqressiv ssenari üzrə hesablayıb. Yəni bir sözlə, erməni siyasi rəhbərliyinin verdiyi açıqlamalarda heç bir həqiqət payı yoxdur".   

Parlamentari məsələnin mənəvi tərəfindən də söz açıb: 

"Həmvətənlilərimizə maddi ziyanla yanaşı, ciddi mənəvi ziyan da dəyib. Bunun dəyəri isə heç nə ilə ölçülə bilməz. Lakin Qərbi Azərbaycanlılara deportasiya olunduqları zaman və yaxud da ondan sonra heç bir təzminat ödənilməyib. Bu baxımdan düşünürəm ki, Ermənistan tərəfinin verdiyi yanlış və həqiqəti əks etdirməyən açıqlamaların heç bir mahiyyəti yoxdur. Biz sona kimi bunu sübut etməyə hazırıq və bunun üçün əlimizdə kifayət qədər dəlil var. İnanıram ki, gec-tez Qərbi Azərbaycanlıların öz doğma torpaqlarına qayıtmaq hüququ bərpa olunacaq". 

Qeyd edək ki, Milli Məclisin yaz sessiyasının ilk iclasında Ermənistan mediasının yaydığı yalan məlumatlar bir daha təkzib edilib.

Bildirilib ki, guya Ermənistan Qərbi Azərbaycanlılara kompensasiya ödəyib. Lakin 1988-ci ildə müstəqil Ermənistan Respublikası olmayıb. Həmin vaxt Spitak şəhərində baş vermiş zəlzələyə görə orada yaşayan azərbaycanlılara evlərinin təmir edilməsi üçün SSRİ büdcəsindən müəyyən kompensasiyalar verilib. Bundan başqa, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan etnik təmizləmə siyasətinə məruz qalmış azərbaycanlıların sayını təhrif edərək 300 min yox, 170 min olduğunu deyib.   

Töhfə Səməd

tag: Azərbaycan,Ermənistan,Qərbi Azərbaycan,Deputat,Naqif Həmzəyev,Todaypress.az,

photo