Qərbdən qəribə iddia: NATO parçalanır? - Politoloq şərhi
Təhlil
25.07.2024 10:29
“Amerika və Fransanın NATO-dan çıxması blefdir”.
Bunu Beynəlxalq Münasibətlər və Diplomatik Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Samir Hümbətov, TodayPress-ə açıqlamasında deyib.
O, Donald Trampın prezident olduğu dönəmdə analoji bəyanat səsləndirdiyini və elə həmin dönəmdə də NATO üzvlərinin onu izolyasiya etdiyini xatırlatdı:
“Tramp indi istəsə belə artıq gecdir. Amerikanın NATO-dan çıxması çətin məsələdir. Amerika dərin dövlətdir. İnanmıram ki, Tramp NATO-nun dağılmasına gətirib çıxaracaq addım atsın”.
Yerigəlmişkən, oxşar tələblə Fransanın "Vətənpərvərlər" Partiyasının lideri Florian Filippo da çıxış edib. O, ölkəsinin NATO-dan çıxmasını istəyib. Politoloqun sözlərinə görə, Fransanın NATO-dan çıxması real görsənmir. Çünki Fransanın hərbi potensialı buna imkan vermir:
“Xatırlayırsınızsa, Fransa bir dəfə NATO-dan çıxmışdı. Bir müddət sonra özü geri qayıtdı. Fransa yaxşı başa düşür ki, NATO-dan çıxdıqdan sonra onun təhlükəsizlik arxitekturası zədələnə bilər. Fransa silah satışına görə dünyada ikinci yerdə dayansa da, o qədər də güclü ordusu yoxdur. Silah satışı hər şey demək deyil”.
Analitikin qənaətincə, NATO Şərqdə Çin və Rusiyaya qarşı qoyulan ciddi sədd sayılır. Bu baxımdan hər iki ölkənin səsləndirdiyi iddialar sadəcə blef xarakteri daşıyır.
Günəş Mərd
tag: NATO, Fransa, Amerika, Diplomatik, todaypress.az,