Qardaşlıqdan əməkdaşlığa: VAHİD ORDU qurulacaq !

Təhlil

17.04.2025 18:00

96

“Azərbaycan-Türkiyə həm hərbi sənaye, həm də ortaq hərbi təlimlər kontekstində ikitərəfli əməkdaşlığı ən yüksək səviyyəyə çatdırıb. İki ölkənin qardaşlığı təkcə mədəni və siyasi anlamda deyil, hərbi quruculuq sahəsində də davam edir”. 

Politoloq Tural İsmayılov bu fikirləri TodayPress-ə danışarkən deyib.

O bildirib ki, Azərbaycan ordusunun Türkiyə ordusu modeli əsasında yenidən formalaşması prosesi uğurla həyata keçirilib və bu, həm iki tərəfli, həm də bəzən Gürcüstanın da qatıldığı üçtərəfli hərbi təlimlər formasında özünü nümayiş etdirib.

Ekspert Türkiyənin sabiq müdafiə naziri Hulusi Akarın Azərbaycana səfərinə də diqqət çəkib:

“Türkiyə Böyük Millət Məclisinin (TBMM) Milli müdafiə komitəsinin sədri, sabiq müdafiə naziri Hulusi Akarın Azərbaycana səfəri fonunda keçirdiyi görüşlər, müdafiə naziri Zakir Həsənovla müzakirələr aparması, Azərbaycanla Türkiyənin ortaq ordusunun formalaşdırılması ilə bağlı söylədiyi fikirlər Azərbaycan və Türkiyənin özəlliklə hərbi əməkdaşlıq sahəsində hədəflərinin  çox geniş və böyük olduğunu növbəti dəfə nümayiş etdirdi. İki ölkənin hərbi birliyi heç bir halda hansısa xarici güc faktorlarına qarşı təhdid məqsədi daşımır. Bu günə qədər də hərbi sahədə əlaqələrimizi ən yüksək səviyyəyə çatdırmışıq. Azərbaycan-Türkiyə hərbi birliyi nə region daxilində, nə də regiondan kənar hansısa üçüncü qüvvələrə qarşı yönəlib”. 

Bu təşəbbüs imkanlarının hər iki dövlətin faydasına olacağını vurğulayan analitik əlavə edib ki, bu əlaqələrin növbəti nümunəsidir: 

 “Eyni zamanda bu təşəbbüs imkanları hər iki dövlətin də faydasına olacaq. Azərbaycanın Türkiyə ordu modelindən əxz edəcəyi məqamlar var, eyni zamanda Türkiyə də Azərbaycandan müəyyən məqamları mənimsəyəcək. Hər bir halda əsl Azərbaycan-Türkiyə qardaşlığının növbəti nümunəsi ilə üz-üzəyik”.   

Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisinin (TBMM) Milli müdafiə komitəsinin sədri, sabiq müdafiə naziri Hulusi Akar Azərbaycana səfəri zamanı deyib ki, Türkiyə və Azərbaycan vahid ordunun yaradılması üzərində işləyir. 

Qiymət Mahir

tag: Tural İsmayılov,Politoloq,Türkiyə,Azərbaycan,Todaypress.az,

photo