Qalmaqallı qanun qüvvəyə mindi – Gürcüstanı bundan sonra nə gözləyir?

Təhlil

03.06.2024 13:19

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili “Xarici təsirin şəffaflığı haqqında” qanunu imzalayıb. Bununla da Gürcüstanda mübahisəli qanun layihəsi qüvvəyə minib.

Qonşu ölkədə hazırkı prosesləri TodayPress-ə şərh edən Cümşüd Nuriyevin sözlərinə görə, Gürcüstandakı vəziyyət Rusiya ilə ABŞ-nin maraqlarının yenidən toqquşduğunu göstərir:

"Bilirsiniz ki, "gürcü arzusu" partiyasının əsas lideri Bidzina İvanişvili və yeni gələn Baş nazir İrakli Kobaxidze Rusiyaya meyillidir. Onlar bu yolla Gürcüstanın ərazi bütövlüyünü bərpa etmək istəyirlər. Cənubi Osetiya eləcə də Abxaziya isə Gürcüstanın nəzarətindən çıxıb. Rusiya həmin ərazilərin sakinlərinə vətəndaşlıq verir və Rusiya qoşunları Tbilisinin 30 kilometrliyindədir. Bunlar bir növ Rusiyaya yaxınlaşmaqla bəzi şeyləri həll etmək istəyirlər. Amma Qərb bunun ağırlıq mərkəzini İrəvandan ora keçirtmək istəyir. Çünki bu Gürcüstanda bir dəfə sınaqdan keçirilib. Rəngli inqilablar Gürcüstanda baş tutub. Bu qanun layihəsində də Gürcüstanın əsas məqsədi xaricə xidmət edən yerli QHT-lər, siyasi partiyalar və müxtəlif beynəlxalq təşkilatları bir növ nəzarətə götürməkdir. Bu da öz növbəsində Gürcüstanda bundan yararlanan qüvvələri narahat edir".

Qanun layihəsinə əsasən büdcəsinin 20%-dən çoxu ölkə xaricindən maliyyələşən qeyri-kommersiya təşkilatları, media orqanları “xarici qüvvənin maraqlarını həyata keçirən” təşkilat kimi reyestrdən keçməli və hər il maliyyə bəyanatı dərc etməlidir. Reyestrdən keçməkdən yayınmaya və ya maliyyə bəyanatı verməməyə görə 25 min lari (təxminən 15 min manat) cərimə nəzərdə tutulur. Cümşüd Nuriyev qanunun təhlükəli tərəfinə də diqqət çəkib:

"Bu qanun qəbul olunandan sonra Gürcüstanda 5-ci kolon tamamilə  zərərsizləşdiriləcək və yaxud da 5-ci kolon Rusiyanın maraqlarına uyğunlaşdırılacaq. Yəni bir növ Rusiyaya meyilli qüvvələr Qərb meyilli qüvvələri üstələyəcək. Bu da Qərb ölkələri üçün heç cür əlverişli sayılmır. Oktyabrda Gürcüstanda parlament seçkiləri keçiriləcək. O baxımdan bu hadisələrə hazırkı prezident Salome Zurabişvilinin son çırpıntıları da deyə bilərik. Yaxın 3-4 ay ərzində o prezident qalacaq. Daha sonra pezident üsul-idarəsi ləğv olunacaq və ölkə Parlamentli Respublikaya keçiriləcək. Bununla da Qərbin ölkədəki təsir imkanları sıfıra enəcək. Ona görə də sentyabra qədər dövlət çevrilişi etməyə çalışırlar ki, yenidən öz qüvvələrini hakimiyyətə gətirsinlər. Amma bunun baş tutma ehtimalı çox aşağıdır".

Xatırladaq ki, Gürcüstan parlamenti mayın 14-də “xarici agentlər” qanunu kimi də tanınan “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini üçüncü oxunuşda qəbul edib. Lakin Prezident Salome Zurabişvili mayın 19-da qanuna veto qoyub. Parlament mayın 28-də Prezidentin vetosunu aradan qaldırıb. Parlament qanunu imzalanması üçün Prezident administrasiyasına göndərsə də, Prezident Zurabişvili onu imzalamaqdan imtina edib. Bu səbəbdən qanun layihəsini parlament sədri Şalva Papuaşvili imzalayıb.

Günəş Mərd

tag: Dünya, Parlament, Gürcüstan, Qanun, Rusiya, todaypress.az,