Putinin qızları nə üçün ictimaiyyət önünə çıxmağa başladı? - ARAŞDIRMA

Təhlil

08.06.2024 21:16

Amerikanın xəbər agentliyi Daily Beast” Rusiya prezidenti Vladimir Putinin hər zaman arxa planda olan qızlarının son illər tez-tez ictimaiyyət önünə çıxmasını incələyib.

TodayPress xəbər verir ki, Putinin qızları Katerina Tixonova və Mariya Vorontsova Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda çıxış edib.

2020-ci ildən Moskva Dövlət Universitetində süni intellekt institutunun rəhbəri olan 37 yaşlı Tixonova cümə axşamı çıxışında əsas diqqəti Rusiya müdafiə sənayesinin inkişafına yönəldib.

Genetika üzrə ixtisaslaşan 39 yaşlı Vorontsova isə cümə günü çıxışında Rusiyada biotexnologiya sahəsində son innovasiya təşəbbüsləri və investisiyalara diqqət çəkib.

“Daily Beast” Putinin övladları haqqında nadir hallarda danışdığını vurğulayıb. “Bacıların belə bir forumda birlikdə iştirak etməsini bu il 72 yaşı tamam olacaq Rusiya liderinin öz irsinə diqqət yetirməsi  kimi dəyərləndirmək olar” deyə nəşrdə qeyd edilib.

“Daily Beast”ə danışan MKİ-nin keçmiş məxfi xidmət zabiti Ronald Marks, Putinin öz irsini möhkəmləndirmək istədiyini deyib və Rusiya prezidentinin qızları üçün “yüksək mövqelərdə dostluqlar yaratdığını iddia edib.

Putinin müavinlərindən Andrey Fursenkonun Vorontsovanın panelinə moderator təyin edilməsi də iddia olunur.

Lakin sonradan bildirilib ki, Fursenkonu Kremlə yaxınlığı ilə tanınan rusiyalı jurnalist və televiziya aparıcısı Vladimir Solovyov əvəzləyib.

Putinin əmri ilə 2022-ci il fevralın 24-də Ukrayna müharibəsi başlayandan qısa müddət sonra ABŞ Vorontsova və Tixonovanı sanksiya siyahısına salıb.

Sanksiya qərarından sonra Reuters xəbər agentliyinə danışan yüksək rütbəli ABŞ rəsmisi, "Biz düşünürük ki, Putinin bir çox var-dövləti onun ailə üzvlərinə yazılır və bu şəkildə gizli saxlanılır, ona görə də onları hədəfə alırıq" deyə bildirib.

GÜNEL

 

tag: Vladimir Putin, Andrey Fursenko, Rusiya,Amerika, todaypress.az,