PKK silahı yerə qoyur: Türkiyəni nə gözləyir? – ŞƏRH

Təhlil

28.02.2025 13:55

2345

“Abdullah Öcalanın PKK daxilindəki nüfuzu böyükdür, lakin PKK üzvləri hesab edirlər ki, o, öz rolunu artıq başa vurub”. 

Politoloq Zeynal Əmrəliyev bunu TodayPress-ə danışarkən deyib.

Analitik bildirib ki, PKK-nın rəhbərlərindən biri olan Murad Karayılan aprel ayında təşkilatın 2013-cü il mayın 8-dən etibarən silahı yerə qoyacağını bəyan edib.

Onun sözlərinə görə, həmin bəyanatdan sonra PKK-nın təxminən 15%-i silahı yerə qoyaraq şəhərlərə köçməyə başlayıb və Türkiyə hökuməti də onları əfv edib. Lakin sonradan PKK-nın yalanı üzə çıxıb.       

Politoloq diqqətə çatdırıb ki, PKK terror təşkilatı Türkiyəyə qarşı olan dövlətlər tərəfindən dəstəklənən, bölgədəki feodal qalıqlarından – əşirətlərdən qidalanan silahlı qrupdur. O, təşkilatın artıq ideoloji mənasını itirdiyini və sırf maddi maraqlar üzərində qurulduğunu vurğulayıb. 

Z.Əmrəliyevin qənaətincə, Abdullah Öcalanın çağırışı ilə PKK-nın tamamilə silahı yerə qoyacağını düşünmək olmaz

“Düzdür, təşkilat daxilində müəyyən bölünmələr ola bilər və bəzi qruplar silahı yerə qoya bilər, lakin PKK-nın tamamilə silahı yerə qoyaraq fəaliyyətini dayandıracağına inanmaq sadəlövhlük olar”. 

Qeyd edək ki, fevralın 27-də PKK terror təşkilatının lideri Abdullah Öcalan İmralı həbsxanasından təşkilatı tərksilah olmağa çağırıb.   

“Bütün qruplar tərksilah olunmalı və PKK ləğv olunmalıdır. Mən silahı yerə qoymağa çağırıram və bu çağırışa görə tarixi məsuliyyəti öz üzərimə götürürəm” deyə Öcalanın müraciətində bildirilib.   

Xatırladaq ki, PKK lideri Abdullah Öcalan 26 ildir İmralı həbsxanasında saxlanılır. O, 1999-cu il fevralında Milli Kəşfiyyat Təşkilatının əməliyyatı nəticəsində Keniyada saxlanılıb və Türkiyəyə gətirilib.

O, ölüm cəzasına məhkum edilsə də, hökm sonradan ömürlük həbs cəzası ilə əvəzlənib. 

Qiymət Mahir

tag: Zeynal Əmirəliyev,Politoloq,PKK,Öcalan,Silah Buraxma,Todaypress.az,

photo