Pezeşkianla Xamenei ÜZ-ÜZƏ GƏLDİ: İran siyasətinə korrektə edəcək? – ŞƏRH

Təhlil

04.03.2025 19:04

2412

“Bəzi dövlətlər Rusiya-Ukrayna müharibəsində ABŞ-nin davranışlarına uyğun olaraq siyasətlərinə düzəliş edir və geosiyasi dəyişikliklərə yol açırlar. İranda da bir sıra müzakirələr gedir və siyasi, hərbi, dini şəxslər arasında fikir ayrılıqlarının yaranması müşahidə olunur”.

Politoloq İlyas Hüseynov bunu TodayPress-ə danışarkən deyib.   

O bildirib ki, bəzi nüfuzlu şəxslər ABŞ ilə münasibətlərin yaxşılaşdırılmasına çalışır, digərləri isə əks mövqedən çıxış edirlər. Ekspertin sözlərinə görə bu, ölkədə siyasi mübarizə və müzakirə atmosferi yaradır. 

“Bəzi ehtimallara görə, İranın vitse-prezidenti Məhəmməd Cavad Zərifin istefası da məhz bu fikir ayrılıqları ilə bağlıdır. İran prezidenti Məsud Pezeşkian islahatçı blokun təmsilçisi kimi ABŞ ilə münasibətləri yeni mərhələyə çıxarmaq, nüvə proqramını inkişaf etdirmək və iqtisadi fayda əldə etmək istəyir. Lakin İranın Ali Rəhbəri Seyid Əli Xameneinin bu məsələdə fərqli mövqedə olması mümkündür. Məlumdur ki, İran İslam Respublikasında Ali Dini Lider təkcə dini yox, həm də siyasi məsələlərə nəzarət edir və onlara müdaxilə edir. Buna görə də Pezeşkian, şübhəsiz ki, Xameneinin yanaşmasına uyğun addımlar atacaq”.   

Politoloq vurğulayıb ki, bu, İranın inqilabdan sonrakı siyasətinə xasdır və ABŞ-yə qarşı mövqeyinin formalaşması ölkə üçün müəyyən təhdidlər yarada bilər.     

“Məhz bu səbəbdən Pezeşkian həmin təhdidlərin qarşısını almağa çalışır. Lakin görünən odur ki, İran hələlik gözləmə mövqeyi tutacaq. Bununla yanaşı, ABŞ və Rusiya yeni beynəlxalq münasibətlər sistemində tamamilə fərqli yanaşmalar sərgiləyə bilərlər. Görünür, İran da bu dəyişiklikləri nəzərə alaraq siyasətində düzəliş etməyi düşünür” deyə İ.Hüseynov fikrini yekunlaşdırıb. 

Qeyd edək ki, İran prezidenti Məsud Pezeşkianla ölkənin Ali Dini lideri Əli Xamenei arasında ABŞ ilə münasibətlərin qurulması ilə bağlı açıq fikir ayrılığı var. Belə ki, İran parlamentində çıxış edən Pezeşkian Vaşinqtonla mümkün təmasların nəzərdən keçirilməsindən danışıb.

“Danışıqların aparılmasının daha yaxşı olacağını düşündüm, lakin İran lideri (Xamenei) ABŞ ilə danışıqlar aparmayacağımızı söylədi. Lakin biz problemlərin həlli üçün müvafiq yollar tapmalıyıq. Mənim öz fikirlərim ola bilər, amma Xamenei istiqamət təyin edəndə biz də ona əməl etməliyik” o bildirib. 

Qiymət Mahir

tag: İlyas Hüseynov,Şərh,İran,Lider,Pezeşkian,Xamenei,Todaypress.az,