Pezeşkianın "nəbz" yoxlayan səfəri: “Bağdad bu jesti nəzərə alacaq” - ŞƏRH

Təhlil

11.09.2024 17:01

“Məsud Pezeşkianın ilk xarici səfərini məhz İraqa etməsi gözlənilməz oldu. Çünki İran üçün daha prioritet ölkələr var idi”.

Bu sözləri TodayPress-ə danışan politoloq Tural İsmayılov deyib. O, bildirib ki, iki dövlət arasında müəyyən məsələlərlə bağlı ortaq mövqelərlə yanaşı, anlaşılmazlıqlar da mövcuddur. Bundan başqa, Pezeşkianın ilk səfərini Livana və ya Yəmənə edəcəyini gözləyən qüvvələr də var idi: 

“Bütün bunlara baxmayaraq, həm regional, həm də iki ölkə arasındakı münasibətlərin qaydasına düşməsi baxımından bu səfər olduqca yüksək qiymətləndirilə bilər. Burada əlbəttə ki, siyasi mesaj da mövcuddur. Hazırda İraqda İranın mövqeyi ilə hesablaşmayan qüvvələr var. Buna əsasən, Pezeşkianın məhz İraqa getməsi oradakı siyasi "nəbzi" yoxlamaq xarakteri daşıyır”.

Politoloq İlyas Hüseynov isə qeyd edib ki, rəsmi Tehran üçün bölgədəki müttəfiq və tərəfdaşlarının formalaşması olduqca vacibdir: 

“Digər tərəfdən İraq, həm də "Ərəb baharı" fonunda Qərbin təsir dairəsinə düşən dövlətlərdən biridir. Səddam Hüseynin edam edilməsindən sonra bu siyasət hələ də davam edir. Lakin İraqın özündə də terror, mərkəzdənqaçma meyilləri və separatizm olduqca güclüdür. Belə olduğu təqdirdə İran prezidentinin İraqa səfəri kifayət qədər ciddi rezonans doğurdu. Lakin İran üçün vacib olan hazırda bölgədə dostlarının artmasıdır. Hazırki səfər də bu istiqamətdə atılmış addımdır. Düşünürəm ki, İraq da sonrakı davranışlarında İranın bu əhəmiyyətli jestini nəzərə alacaq”.

Qeyd edək ki, sentyabrın 11-də İran Prezidenti Məsud Pezeşkianın İraqa rəsmi səfəri başlayıb.  Pezeşkian səfəröncəsi açıqlamasında deyib ki, İraqa səfəri islam və qonşu ölkələrlə qarşılıqlı fəaliyyət və əlaqələrin inkişafının, dərinləşməsinin yeni dövrünün başlanğıcıdır. O, İraqda əməkdaşlığa dair müqavilələr imzalayacaq.

Töhfə Səməd

tag: İraqn, İraq, Səfər, Pezeşkian,Livan, Yəmən, todaypress.az,

photo
photo