Pezeşkian Azərbaycanda: Nələr müzakirə olunacaq?
“İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri tarixi xarakter daşıyacaq. Bu səfər Azərbaycan Respublikası və İran İslam Respublikası arasında yeni dövrün başlanğıcı olacağı ümidlərini artırır”.
Politoloq Azər Qasımov bunu TodayPress-ə açıqlamasında deyib.
O bildirib ki, tərəflərin verdiyi mesajlar göstərir ki, hər iki ölkə buna hazırdır və maraqlıdır:
“Səfər çərçivəsində müzakirə ediləcək məsələlərin iki ölkənin gələcək əlaqələri üçün zəmin yaradacağı mütləqdir. İlk növbədə beynəlxalq nəqliyyat dəhlizlərinin formalaşmasında iki ölkənin atacağı addımlar müzakirə olunacaq. Zəngəzur dəhlizinin açılmasındakı maneələrin və fikir ayrılığının aradan qaldırılması üçün ortaq məxrəcə gəlməyə çalışılacaq. İqtisadi münasibətlərin daha da artırılması vacib məsələlər arasında olacaq”.
Ekspertə görə, İran Prezidentinin azərbaycanlı olması səfərin əhəmiyyətinə xüsusi çalarlar qatacaq:
“Hesab edirəm ki, Məsud Pezeşkianın görüşlər zamanı Azərbaycan dilində yenə də şeir səsləndirməsi yerinə düşəcək. Bu, dünyaya Azərbaycan xalqının birlik istəklərinin daha da yeni vüsət almasının göstəricisi olacaq. Həmçinin sərhədlərin açılması və viza rejiminin aradan qaldırılması üçün addımlar atıla bilər".
Qeyd edək ki, İran prezidenti Məsud Pezeşkian bu gün Azərbaycana rəsmi səfərə gəlib.
Qiymət Mahir
tag: Azər Qasımov,Politoloq,İran,Azərbaycan,Todaypress.az,
