Paşinyanın yarımçıq sülh təklifi: “Bu, hərbi gərginliyin artmasına gətirib çıxara bilər” - RƏY
Təhlil
17.09.2024 15:28
“Ermənistanın Baş naziri Nikol Paşinyanın Gürcüstanda verdiyi bəyanatlar daha çox manipulyativdir və beynəlxalq ictimai rəyə hesablanıb”.
Bunu Politoloq Oqtay Qasımov Paşinyanın Gürcüstan səfərini TodayPress-ə şərh edərkən bildirib. O, hesab edir ki, Paşinyanın sülh müqaviləsi ilə bağlı irəli sürdüyü təklif yarımçıqdır:
“Ermənistanın Baş naziri qeyd edir ki, sülh müqaviləsinin mətninin 80 faizi razılaşdırılıb. İndi bu faiz əsasında bir sülh sazişi imzalansın, digər məsələlər sonra müzakirə edilər. Təbii ki, bu yarımçıq təklifdir. Hər iki tərəfin maraqlarına uyğun və bölgəyə sabitlik gətirəcək müqavilə tam və hərtərəfli olmalıdır ki, gələcəkdə hansısa problem yaşanmasın. Çünki razılaşdırılmamış 20 faiz qalan 80 faizdən heç də az əhəmiyyət kəsb etmir. Bəlkə də ondan daha prinsipial məqamları özündə əks etdirir”.
Analitikin sözlərinə görə, Ermənistan hazırda Amerika, Fransa və digər ölkələrin vasitəsi ilə Azərbaycana təzyiq göstərərək məhz yarımçıq bir sülh müqaviləsinin imzalanmasına nail olmağa çalışır. Amma Azərbaycan bununla razılaşmayacaq:
“Məhz bu cür sülh sazişi gələcəkdə hərbi gərginliyin artmasına gətirib çıxara bilər. O baxımdan ilin sonuna qədər Ermənistanın istədiyi qaydada sülh müqaviləsinin imzalanacağını düşünmürəm. Hansısa bir çərçivə sənəti imzalana bilər”.
Eskpert hesab edir ki, Bakı və İrəvan arasında sülh müqaviləsinin imzalanması region ölkələrinə də fayda verəcək.
Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan sentyabrın 16-da Gürcüstana rəsmi səfər edib. O, səfər zamanı Ermənistan və Azərbaycanın sülh müqaviləsinin təxminən 80 faizini razılaşdıra bildiklərini bəyan edib.
Günəş Mərd
tag: Ermənistan, Sülh, Azərbaycan ,Fransa ,Amerika, Bakı, todaypress.az,