Paşinyanın “sülh” müraciəti Ermənistanı silkələdi: Regional sülhün bir addımlığında – ŞƏRH
“Ermənistanın Baş naziri Nikol Paşinyan xalqa müraciətində Konstitusiyanın dəyişdirilməsi üçün referendum keçirilməsinin vacibliyini bildirib. Paşinyan referendumu il ərzində keçirərsə, bu Azərbaycanla sülh sazişinin imzalanması ehtimalını artıracaq”.
Politoloq Elxan Şahinoğlu bunu TodayPress-ə danışarkən deyib.
O, bildirib ki, Paşinyan xalqa video müraciətində sülhə ayrıca bölmə həsr edib. Həmin bölmədə Paşinyanın bu fikirləri yer alıb:
“Sülh xarici dəstək olmadan qonşular arasında yaşamaq bacarığıdır. Sülh bərqərar olduqdan sonra bu, iqtisadi, siyasi və mədəni əməkdaşlıqda özünü ifadə edən xarici əlaqələrin son məqsədi olmaqda davam edir. Sülh, ilk növbədə, regional amildir, çünki sülh və ya onun olmaması ilk növbədə yaxın qonşularla münasibətlərdə, sonra beynəlxalq, daha sonra isə qlobal səviyyədə ifadə olunur. Strateji və uzunmüddətli mənada sülh o zaman mümkündür ki, kənar dəstək olmadan qonşularla əməkdaşlıq mühitində yaşamaq olsun”. Paşinyanın sülhə həsr etdiyi bu bölmə ilə bir daha etiraf edir ki, Ermənistan gah Rusiya, gah Fransa, gah da ABŞ-yə arxalanaraq təhlükəsizliyini təmin edə bilməyəcək”.
Analitik vurğulayıb ki, ermənilər üçün sülhün yeganə təminatı qonşularla, o cümlədən, Azərbaycan və Türkiyə ilə normal münasibətlərin yaradılmasıdır:
“Bunun üçün isə Paşinyan Ermənistan Konstitusiyasında Azərbaycana və Türkiyəyə ərazi iddalarını ehtiva edən bəndləri çıxarmalı, Zəngəzur dəhlizinin açılmasına şərait yaratmalı və sərhədin “monitorinqi” adı altında Ermənistanda yerləşdirdiyi Qərbin hərbi heyətinin fəaliyyətinə ehtiyac olmadığını bəyan etməlidir”.
Politoloq hesab edir ki, bütün bunlar yerinə yetirilsə, Paşinyan ümid etdiyi regional sülhə yaxınlaşacaq.
Nicat Osman
tag: Şərh,Elxan Şahinoğlu,Ermənistan,Azərbaycan,Türkiyə,Todaypress.az,
