Paşinyandan YENİ TƏKLİF: “Bu, konstitusiya dəyişikliyi məsələsini unutdurmağa hesablanıb” – ŞƏRH
“Ermənistan Baş naziri Nikol Paşinyanın sülh sazişinin imzalanmasını ikinci dərəcəli məsələlərlə əlaqələndirərək Azərbaycanın əsas tələbi olan konstitusiya dəyişikliyi məsələsini gözardı etməsi qəbul edilməsi mümkün olmayan təklifdir. Azərbaycan problemin həll olunmasında mövcud olan əsas problemin konstitusiya dəyişikliyi olduğunu dəfələrlə bəyan edib”.
Politoloq Azər Qasımov bunu TodayPress-ə danışarkən deyib:
O bildirib ki, Ermənistanın konstitusiyasına dəyişiklik edilmədən imzalanan hər hansı sülh müqaviləsinin heç bir hüquqi əsası olmayacaq və əldə edilən sülh də Ermənistandakı hakimiyyətlərin Azərbaycana qarşı olan münasibətindən asılı olacaq:
“Hansısa revanşist düşüncəli erməninin hakimiyyətə gəlməsi yenidən qarşıdurma, müharibə şəraiti, hətta yeni müharibələr ola bilmə ehtimalı ilə qarşı-qarşıya qalacaq. Azərbaycan da buna görə Ermənistan konstitusiyasından Azərbaycan ərazilərinə iddia edilən maddənin, eyni zamanda, Türkiyəyə qarşı edilən torpaq iddialarının ləğv edilməsini tələb edir. Çünki sülh olacaqsa, bütün region ölkələri özünü sülhə hazır hesab etməlidir”.
Ekspertin fikrincə, Paşinyanın təklifi yalnız bundan sonra məqbul ola bilər. O, hesab edir ki, Paşinyan sülh çağırışlarında nə qədər səmimi olduğunu Azərbaycanın tələbini yerinə yetirməklə göstərməli, ilk növbədə özündən sonra da xalqına rahat və sülhlə təminatlı gələcək qoymalıdır.
Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycana sülh sazişi və ATƏT-in Minsk qrupunun buraxılması barədə birgə bəyanatı eyni vaxtda imzalamağı təklif etdiklərini bildirib.
Qiymət Mahir
tag: Ermənistan,Konstitusiya,Nikol Paşinyan,Azərbaycan,todaypress.az,
