Paşinyan topu radikalların meydanına atdı: ERMƏNİSTANDA CAVABSIZ SUALLAR

Təhlil

14.05.2025 18:00

32

“Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə son çıxışı zamanı keçmiş prezidentlər Robert Köçəryanı və Serj Sarkisyanı korrupsiyaya qurşanmaqda ittiham edərək, onların həbs olunmamalarını lütfkarlıq kimi qiymətləndirib. Paşinyan bunu ona görə səsləndirib ki, radikal müxalifət Baş nazirə qarşı eyni ittihamlarla çıxış edir”. 

TodayPress xəbər verir ki, Politoloq Elxan Şahinoğlu bu barədə öz “Facebook” hesabında yazıb.

O diqqətə çatdırıb ki, Paşinyan bu addımı ilə topu radikalların meydanına atıb:

“Əslində Köçəryan və Sarkisyan korrupsiya ilə yanaşı Qarabağda separatçılığa başlamaqla, Azərbaycan ərazisində qətliamlar törətməklə və nəticədə Ermənistanı və erməniləri faciəyə sürüklədiklərinə görə məhkum olunmalıdırlar. Robert Köçəryan Paşinyana cavab vermək əvəzinə oğlu Levonu qabağa verib. Levon Köçəryan parlamentdəki çıxışı zamanı Paşinyan və onun komandasının ünvanına ağır ittihamları təkrarlayıb, nəticədə dava düşüb və o qorxusundan parlamenti tələsik tərk edib”. 

Ekspert həmçinin Ermənistan prokurorluğunun keçmiş müdafiə naziri Seyran Ohanyanın oğluna qarşı cinayət işi açdığını bildirib: 

“Məlum olub ki, İkinci Qarabağ müharibəsi zamanı Artur Ohanyan komandanlığın tapşırığını yerinə yetirməyərək döyüş mövqeyindən qaçıb. Atası da müharibə zamanı Qarabağa gələrək, mövcud vəziyyəti özü üçün müəyyənləşdirdikdən sonra geri qaçmışdı. Oğul atasına oxşayıb. İkinci Qarabağ müharibəsindən 4 ildən çox vaxt keçib, bunlar hələ “mövqeləri kim tərk edib” sualına cavab tapa bilmirlər”. 

Politoloq diqqətə çatdırıb ki, Birinci Qarabağ müharibəsindən sonra Azərbaycanda da illər uzunu torpaqların işğalı mövzusu müzakirə olunub.

Bu problem artıq həll olunub, İkinci Qarabağ müharibəsindən sonra isə rollar dəyişib, indi ermənilər itirdiklərini müzakirə edir və bu uzun illər davam edəcək.

Qiymət Mahir

tag: Elxan Şahinoğlu,Politoloq,Paşinyan,Radikallar,Todaypress.az,

photo