Paşinyan tələsir, rəsmi Bakı izləyir… - SÜLHƏ SON TOXUNUŞLAR

Təhlil

22.04.2025 12:55

27

“Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan konstitusiyasının yeni mətninin hazırlanmasını (dəyişdirilməsini) sürətləndirir”.

Politoloq Turan Rzayev bunu TodayPress-ə danışarkən deyib.

O, hesab edir ki, Paşinyan bunu daxili problemlərlə əlaqəndirsə də, səbəblər fərqlidir: 

 “Əvvəlcə onu deyim ki, rəsmi Bakı bu məsələdə İrəvana güzəşt etmir. Yəni Azərbaycan tərəfi Ermənistan konstitusiyası və Müstəqillik Bəyannaməsindəki ərazi iddialarının dəyişməsini dəfələrlə tələb edib və etməkdədir. Konstitusiyanın dəyişdirilməsi indiki məqamda Paşinyan üçün də vacibdir. Yəni Bakının bu yöndəki israrlı mövqeyini öz maraqları üçün istifadə etmək istəyir. Aydındır ki, konstitusiya dəyişiklikləri bir çox hallarda mövcud hakimiyyətlərin, ya da liderlərin hakimiyyətini pərçimləmək üçün edilir. Paşinyan da bu yolla hakimiyyət müddətini, səlahiyyətlərini artıra bilər”.

Ekspert Paşinyanın konstitusiyaya əsaslanan “erməni iddialarını” sıradan çıxarmaq və “real Ermənistan” qurmaq istəyini bəyan etməsini xatırladıb: 

“Bu konsepsiya “Böyük Ermənistan” ideologiyasından çıxıb, daha kiçik, amma müdafiəsi asan Ermənistan deməkdir. Əslində, Paşinyanı buna sövq edən əsas səbəb Azərbaycanın Qərbi Azərbaycan məsələsində günü-gündən artan dövlət siyasətidir. Qərbi Azərbaycan icmasının artıq beynəlxalq sferada özünü tanıtması Paşinyanı narahat edir. Buna görə o, “real Ermənistan” qurmaq istəyir”.

Analitik bildirib ki, Paşinyanın “real Ermənistan” konsepsiyasının əsasını Azərbaycanın yaratdığı yeni reallıqlar tutur. Rəsmi Bakı hələlik prosesi izləyir. Prinsipcə Bakını maraqlandıran məsələ sülhün ən qısa zamanda imzalanması və qalıcı olmasıdır.

Paşinyanın “real Ermənistan” konsepsiyası Azərbaycan reallıqlarına əsaslanacaqsa və regionda sülhə töhfə verəcəksə, bunu ilk olaraq Bakı dəstəkləyə bilər.

Qiymət Mahir

tag: Turan Rzayev,Politoloq,Azərbaycan,Ermənistan,Todaypress.az,

photo